“AzərTelecom” və “Delta Telecom" şirkətləri Aşqabadda keçirilən “Türkmentel-2024” beynəlxalq konfransında iştirak ediblər.
Noyabrın 14-də Aşqabad Ticarət və Sənaye Palatasının sərgi mərkəzində “Türkmentel-2024” Beynəlxalq Sərgisinin təntənəli açılışı olub. Türkmənaraqatnaşık Agentliyi və Türkmənistanın Ticarət və Sənaye Palatası tərəfindən təşkil olunan sərgidə 30-dan çox ölkədən və eyni zamanda Türkmənistandan 200-dən çox təmsilçi qatılıb. Həmçinin tədbirdə Azərbaycan şirkətləri olan "AzərTelecom" və "Delta Telecom" iştirak ediblər. Türkmənistan Nazirlər Kabineti yanında Nəqliyyat və Rabitə Agentliyinin baş direktoru Memmetxan Çakıyevin başçılıq etdiyi nümayəndə heyəti, Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov və digər təmsilçilər “AzərTelecom” və “Delta Telecom “ şirkətlərinin stendlərini ziyarət ediblər. 16-noyabra qədər davam edən tədbirdə “AzərTelecom” sərgidə fəal iştirak etdiyinə görə Türkmənistan Nazirlər Kabineti yanında Nəqliyyat və Rabitə Agentliyi tərəfindən diploma layiq görülmüşdür.
Forumun əsas məqsədi rəqəmsal inkişaf, Ağıllı Şəhər Texnologiyaları və Rəqəmsal Transformasiya, telekommunikasiyanın gələcəyi, peyk texnologiyası və kibertəhlükəsizlik sahəsində hədəflərin gələcək nailiyyətlərinin müzakirəsi olub.