2024-09-16

Səfir Qismət Gözəlov Türkmənistanda iqlim dəyişkliyi ilə bağlı keçirilən konfransda çıxış etmişdir

16 sentyabr 2024-cü ildə Türkmənistan XİN-in Beynəlxalq Münasibətlər İnstitutunda Türkmənistan Təhsil Nazirliyinin, Xarici İşlər Nazirliyinin, BMT-nin Türkmənistandakı Rezident Əlaqələndiricisinin Ofisi, Avropa İttifaqının Türkmənistandakı Nümayəndəliyi, Azərbaycan, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərinin Türkmənistandakı Səfirliklərinin təşkilatçılığı ilə iqlim dəyişkliyi ilə bağlı milli gənclər konfransı keçirilmişdir.

Tədbirdə Türkmənistan təhsil nazirinin müavini Azat Atayev, BMT-nin Türkmənistandakı Rezident Əlaqələndiricisi Dmitri Şlapaçenko, Birləşmiş Ərəb Əmirliklərinin Türkmənistandakı səfiri Ahmed Al Hameli, Böyük Britaniyanın Türkmənistandakı səfir Setefen Konlon, Türkmənistan üzrə Avropa İttifaqının yaşıl inkişaf ilə bağlı layihə direktoru Karolina Milov, Türkmənistan XİN-in Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Gülşad Yusubova və digər məruzəçilər çıxış etmişlər. Nitq söyləyənlər çıxışlarında yaşıl enerji, alternativ enerjiyə keçid və metan emissiyalarının azaldılması ilə bağlı məsələlərə toxunmuş, eləcə də cari ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) və Çərçivə Konvensiyasının Gənclər Konfransı (COY19) üzrə baş tutacaq tədbirlərə diqqət çəkmişlər. Həmçinin, çıxışlarda iqlim dəyişikliyi ilə bağlı gənclərin fəaliyyəti və maarifləndirilməsi, eko-fəalların və Davamlı İnkişaf Məqsədləri (SDG) səfirlərinin bu kimi tədbirlərə cəlb edilməsinin əhəmiyyəti vurğulanmışdır.

Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov çıxışında Bakıda keçiriləcək COP29 ilə bağlı məlumat vermiş, COP29 çərçivəsində iqlim dəyişikliyinə qarşı mübarizənin maliyyələşdirilməsinə xüsusi diqqət yetiriləcəyini, bu xüsusda texniki və siyasi qarşılıqlı əlaqələrin aktivləşdirilməsinin vacibliyini vurğulamışdır. Eyni zamanda, metan emissiyalarının və ekologiyaya ciddi zərər vuran istixana qazlarının azaldılması istiqamətində addımların atılmasının önəmini qeyd etmişdir. Azərbaycan, BƏƏ və Braziliyanın həmsədrliyi ilə COP sədrləri üçlüyünə (Troika) diqqət çəkərək, iqlimlə bağlı fəaliyyətin gücləndirilməsinə təkan verən cari və gələcək COP sessiyalarına sədr ölkələr arasında əməkdaşlığın, eləcə də davamlılığı daha da yüksəltmək üçün COP sədrlikləri üçlüyünün əhəmiyyətinə toxunmuşdur. Eləcə də Q.Gözəlov bildirmişdir ki, Azərbaycan və Türkmənistan alternativ enerji və iqlim dəyişikliyi ilə bağlı həyati məsələlərin həllində inamla irəliləyirlər. Sevindirici haldır ki, hər iki ölkə neft və təbii qazla zəngin olsa da, ölkələrimiz metan emissiyası öhdəliklərinə sadiq qalaraq, iqlim dəyişikliyi layihələrinə töhfə verir. Ekoloji maarifləndirmə və iqlim dəyişmələri istiqamətində gənclərin fəal iştirakının təmin edilməsi məqsədilə Azərbaycanda COP29 Akademiyasının fəaliyyətə başladığını qeyd edən səfir, Türkmənistandan olan gənclərin də bu xüsusda keçirilən tədbirlərdə iştirakı ilə bağlı təşəbbüslərini təqdir etmişdir.

Konfrans müxtəlif panellər üzrə davam etmişdir.

   

Arxiv üzrə axtarış