Türkmənistanda iqlim dəyişkliyi ilə bağlı milli gənclər konfransı keçirilmişdir
13 sentyabr 2024-cü ildə Aşqabadın Buzmeyin bölgəsində yerləşən Mühəndislik, Texniki və Nəqliyyat-Rabitə İnstitutunda Türkmənistan XİN-in, BMT-nin Türkmənistandakı Rezident Əlaqələndiricisinin Ofisi, Azərbaycanın, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərinin Türkmənistandakı Səfirliklərinin təşkilatçılığı ilə iqlim dəyişkliyinə dair milli gənclər konfransı keçirilmişdir.
Konfransda BMT-nin Türkmənistandakı Rezident Əlaqələndiricisi Dmitri Şlapaçenko, Böyük Britaniyanın Türkmənistandakı səfir Setefen Konlon, Türkmənistan XİN-in nümayəndəsi-səfir Maxtumquli Akmuradov, Mühəndislik, Texniki və Nəqliyyat-Rabitə İnstitutunun rektoru Muhammedrahim Ovezov və digər məruzəçilər çıxış edərək, BMT-nin İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) və Çərçivə Konvensiyasının Gənclər Konfransı (COY19) çərçivədə keçiriləcək tədbirlər, eləcə də yaşıl enerji, alternativ enerjiyə keçid və metan emissiyalarının azaldılması istiqamətində fikirlər səsləndirmişlər.
Eyni zamanda, region gənclərini bir araya gətirərən konfransda Davamlı İnkişaf Məqsədləri (SDG) səfirlərinin, tələbələrin, könüllülərin və eko-fəalların iqlim dəyişikliyi ilə bağlı keçirilən tədbirlərə xüsusi töhfələri vurğulanaraq, bu kimi konfransların onlara aktual ekoloji problemləri müzakirə etmək və gənclərin iqlim dəyişikliyi ilə mübarizədə iştirak imkanlarını nəzərdən keçirmək üçün unikal imkanlar yaratdığı vurğulanmışdır.
Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov konfransda çıxış edərək, ölkəmizin iqlim dəyişikliyi ilə bağlı həyata keçirdiyi layihələr, yaşıl enerji istiqamətdə görülən işlərə diqqət çəkmişdir. Həmçinin, səfir Azərbaycanda keçiriləcək COP29-a hazırlıq ilə bağlı iştirakçıları məlumatlandırmış və könüllülərin COP29-un təşkilində də mühüm rol oynayacağını bildirmişdir. Bu xüsusda bütün təşəbbüslərdə gender bərabərliyinin və gənclərin fəaliyyətinə önəm verilməsinin vacibliyini vurğulamışdır. Ekoloji maarifləndirmə və iqlim dəyişmələri istiqamətində gənclərin fəal iştirakının təmin edilməsi məqsədilə COP29 Akademiyasının fəaliyyətə başladığına diqqət çəkmiş, Türkmənistandan olan gənclərin də bu çərçivədə keçirilən proqramlarda iştirakı ilə bağlı təşəbbüslərini yüksək qiymətləndirmişdir.
Daha sonra konfrans öz işini panellər üzrə davam etdirmişdir.