2024-03-07

Azərbaycan Respublikasının ADA Universiteti ilə Türkmənistan XİN-in Beynəlxalq Münasibətlər İnstitutu arasında video-konfrans formatında görüş keçirilmişdir

Video-konfransda ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Beynəlxalq Münasibətlər İnstitutunun prorektoru Gülşad Yusupova, eləcə də Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov və Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmməd Elyasov çıxış etmişlər.

Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsində elm və təhsil sahələrində də qarşılıqlı fəaliyyətin prioritet təşkil etdiyi qeyd olunmuşdur. İki ölkənin ali təhsil müəssisələri və elmlər akademiyaları arasındakı əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanmışdır. ADA Universiteti ilə Beynəlxalq Münasibətlər İnstitutu arasında imzalanmış anlaşma memorandumunun vacibliyi qeyd olunmuşdur.

Eyni zamanda video-konfransda qarşılıqlı səfərlərin həyata keçirilməsi, birgə elmi-praktik konfransların, mühazirələrin təşkili, müəllim-tələbə mübadiləsi, məqalələrin dərc olunması istiqamətində müzakirələr aparılmış və bu xüsusda yol xəritəsinin hazırlanması barədə razılıq əldə edilmişdir.

 

Arxiv üzrə axtarış