2023-12-11

AZƏRBAYCANIN TÜRKMƏNİSTANDAKI SƏFİRLİYİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində tədbir keçirilib.

Əvvəlcə Azərbaycan xalqının ümummilli liderinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov və qonaqlar Ulu Öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə gül və çiçək dəstələri qoyublar.

Tədbirdə çıxış edən səfir Qismət Gözəlov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, böyük dövlətçilik təcrübəsi, Azərbaycanın rifahı naminə gördüyü işlər, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmlənməsi sahəsində fəaliyyəti haqqında geniş məlumat verib.

Çıxış edən diplomatik korpusun duayeni, Özbəkistanın Türkmənistandakı səfiri Akmaljon Kuçkarov və Türkiyənin Türkmənistandakı səfiri Toqan Oral Ulu Öndər haqqında öz fikir və mülahizələrini bölüşüb, ömrünü xalqına fədakar xidmətə həsr etmiş bu dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Tədbirdə həmçinin, Türkmənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi, Qazaxıstan və Qırğızıstanın Türkmənistandakı səfirləri, eləcə də ictimaiyyət və media təmsilçiləri iştirak edib.

Sonda tədbir iştirakçlarına Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun Ümummilli lider Heydər Əliyevə həsr etdiyi, türkmən dilində dərc edilmiş “Əbədiyyət dastanı” (Ebedilik dessany) poemalar kitabı təqdim olunub.

 

Arxiv üzrə axtarış