2023-11-29

Türkmənistanda ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə konsert keçirilib

Aşqabadda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev – Azərbaycan və Türkmənistan qardaşlığı” adlı konsert keçirilib.

Aşqabadın “Muğamlar” Sarayında keçirilən konsertdə ilk öncə iştirakçılar sözügedən sarayın foyesində açılan, “Heydər Əliyev – Azərbaycan və Türkmənistan qardaşlığı” adlı foto-sərgi ilə tanış olub. Foto-sərgidə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, eləcə də Azərbaycan və Türkmənistan diplomatik münasibətlərini səciyyələndirən fotolar nümayiş olunub.

Konsertin açılış mərasimində Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov çıxış edərək, ulu öndər Heydər Əliyevin ölkələrimizin əlaqələrinin inkişafına verdiyi töhfələr barədə danışıb.

Konsertdə Azərbaycanın “Muğam” qrupu ilə Türkmənistanın Dövlət Simfonik Orekstrinin birgə iştirakı ilə Azərbaycan xalq və bəstəkar mahnıları ifa olunub.

Konsertdə Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədrləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev iştirak edib.

Tədbirə həmçinin, Türkmənistan Hökumətinin digər rəsmi şəxsləri, xarici ölkələrin Türkmənistandakı səfirləri, diplomatik nümayəndəliklərin rəhbərləri, əməkdaşları, ailə üzvləri, eləcə də ictimaiyyət və media təmsilçiləri qatılıb.

Konsertdə səsləndirilən Azərbaycan musiqiləri tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

 


Arxiv üzrə axtarış