Aşqabadda Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyanın iclası keçirilib
27-28 noyabr 2023-cü ildə Azərbaycan Respublikasının iqtisadiyyat naziri - Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti Türkmənistana səfər etmişdir.
Səfər çərçivəsində 28 noyabr 2023-cü ildə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilmişdir. İclasda ölkələrimizin iqtisadi müstəvidə ortaq maraqlarına xidmət edən təşəbbüslər, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılmışdır. İclasda Komissiyanın üzvləri çıxış etmişdir. İclasın sonunda Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasının yekunlarına dair protokol imzalanmışdır. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev imzalamışlar. Qeyd olunmalıdır ki, sənəddə ticarət, sənaye, energetika, nəqliyyat, aqrar və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Türkmənistana işgüzar səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Agro Pack Turkmenistan 2023” beynəlxalq sərgidə də iştirak etmişdir. Nümayəndə heyəti innovativ istehsal mexanizmlərinin təqdim edildiyi sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlərin təqdim etdiyi xidmətlər, həmçinin iqtisadi səmərəliliyin artırılmasını, resurslardan effektiv istifadəni və iqtisadiyyatın müxtəlif sahələri üçün müasir həlləri təmin edən yeniliklərlə tanış olmuşdur. Sözügedən sərgidə ölkəmizi “ATA PACK” MMC və “XANİ” MMC təmsil etmişdir.
Həmçinin, Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası çərçivəsində Aşqabadda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkmənistanın Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Türkmənistan-Azərbaycan biznes forumu keçirilmişdir. Forumda Komissiyanın həmsədrləri Mikayıl Cabbarov və Batır Atdayev çıxış etmişlər. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, kimya, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 60-a yaxın şirkət nümayəndəsi iştirak etmişdir. Biznes forumda Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sənaye zonalarının, azad edilmiş ərazilərimizdə iqtisadi reinteqrasiyanın investorlar üçün yaratdığı imkanlar barədə məlumat verilmiş, Türkmənistan sərmayədarları ölkəmizin biznes fürsətlərindən fəal şəkildə yararlanmağa dəvət olunmuşdur. Forumda hər iki ölkənin investisiya mühiti və biznes imkanlarına dair təqdimatlar keçirilmişdir. Tədbir iş adamları arasında B2B formatında görüşlərlə davam etdirilmişdir.
Səfər çərçivəsində M.Cabbarov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tərəfindən qəbul edilmişdir. Həmçinin, M.Cabbarov Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini - xarici işlər naziri Rəşid Meredov və Nazirlər Kabineti sədrinin müavini Batır Amanov ilə görüşmüşdür.
Səfər zamanı baş tutmuş görüşlərdə Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığının perspektivləri və birgə layihələr üzrə tərəfdaşlığın səmərəli nəticələri müzakirə edilmişdir.
Həmçinin səfər çərçivəsində Aşqabadda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkmənistandakı nümayəndəliyinin açılışı olmuşdur.
Səfər çərçivəsində Azərbaycan və Türkmənistan nümayəndə heyəti Aşqabadda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Səfirlik tərəfindən təşkil edilmiş “Heydər Əliyev – Türkmənistan və Azərbaycan qardaşlığı” adlı foto-sərgi və konsert proqramında da iştirak etmişlər. Qeyd olunmalıdır ki, foto-sərgidə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, eləcə də Azərbaycan və Türkmənistan diplomatik münasibətlərini səciyyələndirən fotolar nümayiş etdirimişdir. Konsert proqramında isə Azərbaycanın “Muğam” qrupu və Türkmənistanın Dövlət Simfonik Orekstrinin birgə iştirakı ilə Azərbaycan xalq və bəstəkar mahnıları ifa olunmuşdur.