2023-06-15

Ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Əbədiyyət dastanı” kitabı türkmən dilində nəşr edilmişdir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və bu münasibətlə “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı qardaş Türkmənistanda da silsilə tədbirlər keçirilməkdədir.

Azərbaycanın Türkmənistandakı Səfirliyi tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar Ümummilli liderin may ayının 10-da Səfirlikdə 100 illik yubiley tədbiri keçirilmiş, həmin gün münasibəti ilə Səfirliyin yeni inzibati binasının rəsmi açılışı olmuşdur. May ayının 26-da isə Aşqabaddakı diplomatik şəhərcikdə 100 palıd ağacı tinginin əkilməsi aksiyası keçirilmişdir.

Səfirliyin bu silsilədən olan növbəti tədbiri kimi Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun Ümummilli lider Heydər Əliyevə həsr etdiyi, ilk dəfə 2008-ci ildə nəşr olunmuş “Əbədiyyət dastanı” poemalar kitabının türkmən dilinə (Ebedilik dessany) tərcümə etdirilərək, nəfis şəkildə dərc etdirilmişdir.

İyun ayının 15-də Səfirlikdə Azərbaycan xalqının milli qurtuluş günü münasibətilə Ümummilli liderə həsr edilmiş “Əbədiyyət dastanı” kitabının türkmən dilində yeni nəşrinin təqdimatı keçirilmişdir. Təqdimat mərasimində Səfirliyin əməkdaşları, ictimaiyyət və mətbuat nümayəndələri, eləcə də Aşqabadda yaşayan soydaşlarımız iştirak etmişdirlər.

Tədbirdə çıxış edən Səfir Həsən Zeynalov böyük şəxsiyyətlər, onların xidmətləri haqqında geniş ictimaiyyətin məlumat­landırılmasının ən yaxşı üsullarının ədəbi, bədii və yaradıcı vasitələr olduğunu demişdir.

Müasir Azərbaycan ədəbiyyatının, şer sənətinin görkəmli nümayəndəsi Zəlimxan Yaqubun Ümummilli liderə həsr etdiyi bu poemalar kitabının bu günə kimi Heydər Əliyev haqqında yazılmış, onun həyatı, fəaliyyəti və şəxsiyyətini ədəbiyyat, şeriyyat dili ilə ifadə edən ən yaxşı külliyyət hesab edildiyini bildirən Səfir, məhz qeyd olunan səbəblərlə həmin kitabın türkmən dilinə tərcümə və nəşr etdirilməsinin qərara alındığını diqqətə çatdırmışdır.

Kitabda “Böyük ömrün dastanı” və “Böyük ömrün davamı” poemalarının toplan­dığını, bu ədəbi nümunələrdə Azərbaycan ədəbiyyatına məxsus müxtəlif şer janrlarının yer aldığını qeyd edən Səfir, poemaların qədim türk dastanları tərzində və xalq dilində yazıldığını qeyd etmiş, onların Heydər Əliyev haqqında unudulmaz xatirə, elegiya olduğunu demişdir.

Kitab tərcümə etdirilərkən xalqlarımızın eyni soy-kökə, dilə və mədəniyyətə sahib olduqlarını türkmən oxuculara bir daha əyani şəkildə çatdırmaq məqsədilə azərbaycan və türkmən dillərində olan ortaq sözlərin daha çox qorunub-saxlanılmasına xüsusi diqqət yetirildiyini deyən Səfir, bu kitab vasitəsilə qardaş türkmən oxucularının Heydər Əliyevin həyatı, fəaliyyəti və şəxsiyyəti ilə daha yaxından tanış olacaqlarına əminliyini bildirmişdir.

Həyatını hər zaman ülvi və böyük məqsədlərə həsr etmiş Heydər Əliyevə həsr olunmuş bu kitabın da Azərbaycan-Türkmən qardaşlıq əlaqələrinin inkişafına özünə­məxsus töhfə verəcəyinə inamını ifadə edən Səfir, kitabın ərsəyə gəlməsinə göstərdiyi mənəvi dəstəyə görə Türkmənistan hökumətinə, eləcə də əməyi olan hər kəsə minnətdarlığını səsləndirmişdir.

Kitabın tərcüməsinin Türkmənistanın əməkdar şairi Akmurad Rəcəbov və Səfirliyin müşaviri Mikayıl Yusifov tərəfindən edildiyini bildirən Səfir, ilk kitabda olduğu kimi, yeni kitabın tərtibatında da Azərbaycanın xalq rəssamı Arif Hüseynovun illüstrativ əsərlərindən istifadə edildiyini vurğulamışdır.

Sözügedən poemalar killiyatının müəllifi, xalq şairi Zəlimxan Yaqubun həyatda olmamasını təəssüf hissi ilə bildirən Səfir, müəllifi olduğu bu kitabın bir daha, həm də qardaş türkmən elində və türkmən dilində işıq üzü görməsi səbəbi ilə onun ruhunun şad olduğuna inandığını söyləmişdir.

Kitabın tərcüməsi haqqında fikir ortaya çıxanda, şairin ailəsi ilə əlaqə saxlanılaraq razılıq istənildiyini bildirən Səfir, Ümummilli liderə həsr olunmuş bu kitabın tərcüməsinə böyük minnətdarlıq hissi ilə verdiyi razılığa görə Zəlimxan Yaqubun ailəsinə də təşəkkürünü ifadə etmişdir.

Geniş oxucu kütləsinə çatdırılması üçün Türkmənistanın Mərkəzi Kitabxanası vasitəsilə bu ölkənin bütün kitabxanalarına kitabın nüsxələrinin paylanacağını bildirən Səfir, həmçinin, Türkmənistan Elmlər Akademiyasının Elmi kitabxanasına, Aşqabaddakı dil və ədəbiyyat yönlü ali təhsil müəssisələrinə və Ortaq Türkmən-Türk Məktəbinə hədiyyə ediləcəyini, ilk nüsxəsinin isə Türkmənistanın Xarici İşlər nazirinə artıq təqdim edildiyini bildirmişdir.

Kitabın bir neçə nüsxəsinin ölkəmizin əsas kitabxanalarında da olması üçün artıq Azərbaycana göndərildiyini deyən Səfir, yaxın günlərdə həmin kitabxanaların internet resurslarında elektron formatda da yerləşdiriləcəyini nəzərə çatdırmışdır.

Həmçinin, bu gün təqdimatı keçirilən Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun Ümummilli liderə həsr etdiyi “Əbədiyyət dastanı” poemalar kitabının türkmən dilinə tərcümə etdirilərək nəşr etdirilməsi xəbərindən duyduqları məmnuniyyəti ifadə edən çıxışçılar, bu hadisənin Heydər Əliyevin Türkmənistanda daha yaxından tanınması, eləcə də qardaş xalqlarımız arasında ədəbi əlaqələrin inkişafı cəhətdən çox uğurlu addım hesab etdiklərini dilə gətirmişdirlər.

Sonda kitabın bir neçə nüsxəsi tədbir iştirakçılarına təqdim edilmiş və kitabdan bəzi şer nümunələri qiraətçilər tərəfindən səsləndirilmişdir.

 

Arxiv üzrə axtarış