2023-06-15

Azərbaycanın Türkmənistandakı Səfirliyində Azərbaycan xalqının milli qurtuluş günü qeyd edilmişdir

İyun ayının 15-də Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində Azərbaycan xalqının milli qurtuluş günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Səfirliyin əməkdaşları, ictimaiyyət və mətbuat nümayəndələri, eləcə də Aşqabadda yaşayan soydaşlarımız iştirak etmişdirlər.

Tədbiri giriş sözü ilə açan fövqəladə və səlahiyyətli səfir Həsən Zeynalov, qeyd olunan günün tarixi əhəmiyyəti, 30 il bundan əvvəl – 1993-cü ilin may-iyun aylarında Azərbaycandakı gərgin ictimai-siyasi və hərbi vəziyyət, dövlət idarəçiliyinin tamamilə itirilməsi, vətəndaş qarşıdurması, silahlı qiyam, dövlətin parçalanma dərəcəsinə çatması, xalqla iqtidarda olan qüvvələr arasında yaranmış uçurum haqqında məlumat vermiş, həmçinin özünün o dövrdə yaranmış vəziyyət haqqında mülahizələrini tədbir iştirakçıları ilə bölüşmüşdür.

Vəziyyətdən çıxış yolunun Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsində, baş verənlərin qarşısının almaq üçün hadisələrə birbaşa müdaxilə etməsində görən xalqımızın onu yenidən siyasi hakimiyyətdə təmsil olunması üçün Bakıya dəvət etdiyini bildirən Səfir, Heydər Əliyevin məhz xalqın çağırışını nəzərə alaraq, onu ağır vəziyyətdən çıxarmaq üçün əlindən gələni etmək üçün Bakıya gəldiyini qeyd etmişdir.

Bakıda Heydər Əliyevə yüksək vəzifə təklif edilsə də onun, ilk növbədə vətəndaş qarşıdurmasının baş qaldırdığı Gəncəyə gedərək vəziyyətlə tanış olduğunu bildirən Səfir, yalnız ölkədəki vəziyyəti sabitləşdirmək və xalqı ağır durumdan çıxarmaq üçün Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməyə razılıq verdiyini vurğulamışdır.

Heydər Əliyevin milli maraqlara söykənən uzaqgörən və uzlaşdırıcı siyasətinin və qətiyyətli addımlarının sayəsində dövlətimizin və xalqımızın parçalanma və tarix səhnəsindən silinmək təhlükəsindən qurtulduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran Səfir, məhz bu səbəbdən xalqımızın bu günü Milli qurtuluş günü kimi qeyd etdiyini, bu günü ona bəxş edən dahi oğlu Heydər Əliyevi minnətdarlıqla andığını, daim qəlbində yaşatdığını bildirmişdir.

Bu gün Ümummilli liderin ruhunun şad olduğuna inamını ifadə edən Səfir, bizi 44 günlük Vətən müharibəsindəki zəfərimizə aparan işlərin, torpaqlarımızın işğaldan azad olunması yolunda fədakar mübarizənin məhz 30 il əvvəl bu gün başladığını vurğulamışdır.

Səfir həmçinin, həmin günlərdə Heydər Əliyevlə bağlı öz xatirələrindən söhbət açmış, onun böyük dövlət xadimi kimi xüsusiyyətləri barədə özünün şahidi olduğu, maraqlı hadisələrdən bəhs etmişdir.

Daha sonra tədbirdə iştirak edən soydaşlarımız söz alaraq çıxış etmiş, 1993-cü ilin Azərbaycanını xatırlayaraq, Azərbaycanda baş verənləri ciddi narahatlıqla, nigarançılıqla izlədiklərini, bəzən hadisələrin gedişindən duyduqları ümidsizlikləri ifadə edərək, Heydər Əliyevin Bakıya qayıdışından, hakimiyyətə gəlişindən, hadisələrə müdrik və cəsarətli müdaxiləsindən sonra yenidən Azərbaycanın gələcəyinə olan ümidlərinin dirçəldiyini dilə gətirmişdirlər. Bu günkü çiçəklənən Azərbaycanın Heydər Əliyevin şah əsəri, vaxtilə xalqına, vətəninə göstərdiyi tarixi xidmətlərin nəticəsi olduğu vurğulanmışdır.

Sonda tədbir iştirakçıları Milli qurtuluş günündən bəhs edən sənədli filmə tamaşa etmişdirlər.

 

Arxiv üzrə axtarış