2023-05-29

Türkmənistanda Azərbaycan Respublikasının Müstəqillik günü qeyd olunub

May ayının 29-da Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən Müstəqillik günü və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 105 illiyi münasibəti ilə Aşqabadda yerləşən Yıldız otelində təntənəli rəsmi qəbul keçirilmişdir. Qəbulda Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Batır Atdayev, Türkmənistanda fəaliyyət göstərən xarici dövlətlərin və beynəlxalq təşkilatların diplomatik nümayəndəliklərinin rəhbərləri və yüksək vəzifəli əməkdaşları, ictimaiyyət nümayəndələri, soydaşlarımız, yerli və xarici media nümayəndələri iştirak etmişdirlər. Tədbir Azərbaycanın və Türkmənistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır.

Daha sonra fövqəladə və səlahiyyətli səfir Həsən Zeynalov nitq söyləyərək qonaqları salamlamış və tədbirdə iştiraklarına görə təşəkkürünü bildirmişdir. Bundan 105 il əvvəl, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan etdiyini, bu mühüm tarixi hadisənin Azərbaycan xalqının müstəqillik arzusunun ifadəsi və milli Azərbaycan dövlətçiliyinin təməli olduğunu bildirən Səfir, Azərbaycan xalqının ilk milli dövlətinin fədakar qurucularını hər zaman minnətdarlıq hissi ilə xatırladığını qeyd etmişdir.

Azərbaycan Xalq Cümhuriyyətində aparılan siyasi-hüquqi islahatların o dövr üçün inqilabi xarakter daşıdığını diqqətə çatdıran Səfir, qadınlara seçki hüququnun, milli, dini və siyasi mənsubiyyət fərqi qoyulmadan bütün vətəndaşlara bərabər hüquqların verilməsinin öz dövrünü xeyli qabaqlayan addımlar olduğunu vurğulamışdır.

Bolşeviklərin işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay mövcud olmasına baxmayaraq, onun, Azərbaycan xalqının demokratik prinsiplərə əsaslanan öz milli dövlətini yaratmaq qabiliyyətini sübut etdiyini bildirən Səfir, 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi, hüquqi və mənəvi varisinə çevrildiyini yada salmışdır.

Ötən əsrin 90-cı illərinin əvvəllərindən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda hüquqi dövlət, demokratik vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı formalaşdığını, Azərbaycanın dünya siyasətinə və iqtisadiyyatına uğurla inteqrasiya olunduğunu qeyd edən Səfir, bu gün Azərbaycanın Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan enerji layihələri, həmçinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat layihələri kimi iri beynəlxalq enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olduğunu bəyan etmişdir.

2020-ci ildə Azərbaycanın Ermənistanın 30 illik işğalına son qoyduğunu, 44 günlük Vətən müharibəsinin nəticəsində beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü və suveren hüququnu bərpa etdiyini söyləyən Səfir, son iki ildə Azərbaycan hökumətinin işğal zamanı tamamilə dağıdılmış yüzlərlə yaşayış məntəqəsinin bərpası, bir milyon məcburi köçkünün öz doğma torpaqlarına qayıtmaları üçün infrastruktur yaradılması istiqamətində böyük işlər gördüyünü diqqətə çatdırmışdır.

Hazırda Azərbaycanın Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünü və sərhəd­lərini tanıyan sülh sazişi üzərində işləməyə hazır olduğunu bəyan etdiyini deyən Səfir, regionda münaqişənin başa çatması ilə ilk növbədə nəqliyyat-kommunikasiya sektorunda yeni əməkdaşlıq imkanlarının yarandığını və bu imkanların təkcə Qafqaz ölkələrinin deyil, həm də bundan faydalanacaq bütün ölkələrin maraqlarına xidmət etdiyini qeyd etmişdir.

Azərbaycan ilə Türkmənistan arasındakı qardaşlıq münasibətlərinə toxunan Səfir, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmən xalqının Milli lideri Qurbanqulu Berdiməhəmmədovun məqsədyönlü siyasəti nəticəsində ölkələrimizin strateji tərəfdaşa çevrildiyini vurğulamışdır. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun rəhbərliyi ilə Azərbaycan ilə strateji əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edən Səfir, ölkələrimizin istər ikitərəfli, istərsə də çoxtərəfli formatda, ilk növbədə, nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etdiyini söyləmişdir.

Ötən on bir ay ərzində iki ölkə arasında dövlət və parlament rəhbərləri səviyyəsində beş, hökumət üzvləri səviyyəsində isə çoxsaylı qarşılıqlı səfərlərin olduğu, hökumətlərarası komissiyanın növbəti iclasının keçirildiyi barədə məlumat verən Səfir, Azərbaycan və Türkmənistan arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və möhkəmlənməsinin yalnız iki ölkə üçün deyil, bütövlükdə Avrasiya regionu üçün faydalı olduğunu bildirmişdir. Bu mənada keçən ilin dekabr ayında Türkmənbaşı şəhərində baş tutmuş Azərbaycan-Türkiyə-Türkmənistan dövlət başçılarının ilk zirvə toplantısını xüsusi qeyd edən Səfir, Azərbaycan ilə Türkmənistan arasında ticarət əlaqələrinin də sürətlə inkişaf etdiyini və 2022-ci ildə ticarət dövriyyəmizin əvvəlki ilə nisbətən beş dəfə artdığını söyləmişdir.

Bu il Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ilinin tamam olduğunu deyən Səfir, bu münasibətlə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyini, Ulu öndərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirmişdir. Azərbaycanda “Heydər Əliyev İli” münasibətilə keçirilən müxtəlif tədbirlərdə Türkmən qardaşlarımızın yaxından iştirak etdiklərini qeyd edən Səfir, həm buna görə, həm də Səfirlik tərəfindən Türkmənistanda keçirilən tədbirlərə göstərdiyi mənəvi dəstəyə görə Türkmənistan hökumətinə xüsusi minnətdarlığını ifadə etmişdir.

Tarixi, dil və mədəni əlaqələrin, eyni soykökünə mənsub olmağımızın xalqlarımızı sıx bağladığını və bu amilin əməkdaşlığın daha da dərinləşməsi üçün etibarlı zəmin yaratdığını deyən Səfir, çıxışının sonunda Azərbaycan Prezidenti İlham Əliyevdən münasibətlərimizi aydın səciyyələndirən sitat gətirmişdir: “Azərbaycan Türkmənistanın uğurlarına və nailiyyətlərinə həmişə özününkü kimi sevinir.”

Daha sonra çıxış edən Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Batır Atdayev tədbirə dəvət olunduğuna görə təşəkkürünü bildirmişdir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və bütün türkmən xalqı adından Səfiri və onun şəxsində qardaş Azərbaycan xalqını milli bayramı – Müstəqillik günü, eləcə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 105 illiyi münasibətilə təbrik edən əsas qonaq, Azərbaycana firavanlıq və uğurlar arzulamışdır.

Türkmənistanı və Azərbaycanı keçmişdən gələn dostluq və mehriban qonşuluq münasibətlərinin birləşdirdiyini deyən qonaq, bu əlaqələrin iki qardaş xalqın əsrlər boyu formalaşmış tarixi-mədəni yaxınlığı ilə sıx bağlı olduğunu qeyd etmişdir. İki qardaş xalqın zəngin mədəni və mənəvi irsi, əbədi dostluq əlaqələri, dil və mənəvi dəyərlərinin ümumiliyinin bu gün ölkələrimiz arasındakı əməkdaşlığın inkişafı üçün etibarlı əsas olduğuna diqqət çəkən qonaq, hazırki dövrdə Türkmənistanın və Azərbaycanın dövlət başçıları səviyyəsində müntəzəm və etibarlı münasibətlər nəticəsində strateji xüsusiyyətə sahib olan Türkmənistan-Azərbaycan münasibətlərinin məna və məzmununun zənginləşərək və yeni səviyyələrə yüksəldiyini bildirmişdir.

Dövlət rəhbərlərinin siyasi, iqtisadi, ticari, eləcə də humanitar sahələrdə yüksək səviyyədə qurulmuş dövlətlərarası münasibətləri inkişaf etdirmək üçün böyük səylər göstərdiklərini qeyd edən əsas qonaq, Türkmənistanın hazırda Azərbaycan ilə olan yüksək səviyyəli qarşılıqlı anlaşma və etimadla səciyyələnən münasibətləri çox qiymətləndirdiyini və onun qədrini bildiyini diqqətə çatdırmışdır.

Türkmənistan-Azərbaycan münasibətlərinin siyasi-diplomatik sahədə inkişafı ilə birlikdə, ticari-iqtisadi əməkdaşlığa da xüsusi diqqət yetirildiyini bildirən əsas qonaq, iki ölkə arasında iqtisadi əməkdaşlığın müntəzəm inkişaf etdiyinə, qarşılıqlı ticarət dövriyyəsinin 2022-ci ildə 5 dəfədən çox, bu ilin əvvəlindən isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artdığına dair məlumat vermişdir.

Bunda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının əhəmiyyətli rola malik olduğunu, keçən ilin noyabrında Bakıda komissiyanın altıncı iclasının keçirildiyini bildirən əsas qonaq, iclas zamanı əldə olunmuş razılaşmaların ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın daha da fəallaşdırılması baxımından qarşıya qoyulan məqsədlərə nail olmağa kömək edəcəyinə ümidini ifadə etmişdir.

Türkmənistanın və Azərbaycanın zəngin təbii sərvətlər potensialına, o cümlədən nəhəng karbohidrogen ehtiyatlarına malik olduğunu, bunun isə strateji cəhətdən mühüm sahələrdə səmərəli münasibətlər üçün geniş imkanlar yaratdığını bildirən əsas qonaq, ölkələrimizin enerji, nəqliyyat və logistika, aqrar sənaye, toxuculuq sənayesi kimi sahələrdə böyük imkanlarının olduğuna vurğu etmişdir.

Ölkələrimizin Asiya və Avropanın kəsişməsində, strateji cəhətdən əhəmiyyətli coğrafi məkanda yerləşdiyini, bu mövqeyin irimiqyaslı beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında, tranzit-nəqliyyat sahəsində sıx əməkdaşlığa imkan verdiyini söyləyən əsas qonaq, hazırda beynəlxalq əhəmiyyətli əsas nəqliyyat qovşağı kimi Xəzər regionunun mövqeyinin getdikcə artdığını, bu baxımdan Türkmənistan-Azərbaycan əməkdaşlığının stratejik gələcəyinin çox böyük olduğunu ifadə etmişdir.

Türkmənistan-Azərbaycan münasibətlərinin xüsusilə mühüm hissəsini mədəni-humanitar sahədəki əlaqələr təşkil etdiyini deyən əsas qonaq, Türkmən və Azərbaycan xalqlarının dünya tarixinə güclü təsir göstərmiş qədim sivilizasiyaların mədəni və tarixi irsini qoruyub saxladıqlarını, xalqlarımızın öz milli varlığını, adət-ənənələrini, dilini, təkrarolunmaz mədəniyyətini və mənəvi dəyərlərini qoruyub saxlayaraq, özlərinin şanlı və zəngin keçmişi ilə fəxr etməyə haqqı olduğunu bildirmişdir.

Türkmənistan və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin səviyyəsini yüksək qiymətləndirdiklərini və bunu gələcək uzunmüddətli əməkdaşlığın inkişafı üçün əsas hesab etdiklərini ifadə edən əsas qonaq, qardaş Azərbaycan xalqını yenə bir daha əsas bayramı münasibətilə səmimi qəlbdən təbrik etmiş, qardaş ölkəyə çiçəklənmə, hər bir evə, hər bir ailə ocağına firavanlıq və bəxtiyarlıq arzu etmişdir.

Çıxışlardan sonra tədbir iştirakçılarına ziyafət verilmişdir. Ziyafətdə Türkmənistan dövlət simfonik orkestrinin ifasında Azərbaycan və Türkmən bəstəkarlarının əsərləri səsləndirilmiş və böyük rəğbətlə qarşılanmışdır.

 

 

 

 

 

Arxiv üzrə axtarış