2023-05-10

TÜRKMƏNİSTANDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ QEYD EDİLİB

May ayının 10-da Azərbaycanın Türkmənistandakı səfirliyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qəbul keçirilib və ziyafət verilib.

Qəbulda Türkmənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi, xarici dövlətlərin Türkmənistanda akkreditə olunan səfirləri, ictimaiyyət nümayəndələri, eləcə də soydaşlarımız iştirak ediblər.

Ölkəmizin Türkmənistandakı səfiri Həsən Zeynalov tədbirdə çıxış edərək bildirib ki, bu gün xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi, Türk dünyasının böyük oğlu Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib.

Diplomat Azərbaycan səfirliyinin yeni inzibati binasının açılışının məhz Heydər Əliyevin 100 illik yubileyi gününə təsadüf etməsinin əlamətdar olduğunu bildirib.

Diqqətə çatdırılıb ki, İkinci Dünya müharibəsi başlayanda universitet tələbəsi olan Heydər Əliyevin xüsusi qabiliyyəti nəzərə alınaraq, Naxçıvan Daxili İşlər Nazirliyinə təhlükəsizlik məsələləri üzrə məsul işə qəbul edilib. Qısa zamanda xidmətdə qazandığı uğurlara görə xüsusi təhsil almaq üçün Moskvadakı akademiyaya göndərilən Heydər Əliyevin 1964-cü ildən Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən sədri vəzifəsinə təyin olunub.

Heydər Əliyevin Azərbaycan Kommunist Partiyasının 1969-cu ildə keçirilən qurultayında Azərbaycanın rəhbəri, 1976-cı ildə isə Sovet İttifaqı KP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçilib. Sovet Azərbaycanına 14 il rəhbərlik edən Heydər Əliyevin öz qeyri-adi idarəçilik bacarığı və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikada sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub, Azərbaycan xalqının milli kimliyini özünə qaytarıb.

Diplomat vurğulayıb ki, 1993-cü ildə Vətənin çətin vəziyyətində xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin ermənilərin hərbi təcavüzünü dayandırıb, dövlətin müstəqilliyinin gücləndirilməsi, dünyada qəbul etdirilməsi, insanların həyat səviyyəsinin yaxşılaşdırılması, ordunun hazırlıq və silah təminatının yüksəldilməsi yönündə imkansız görünən xidmətlər göstərib. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoyub və Qarabağı azad edib.

Çıxışlardan sonra qonaqlar “Dahi azərbaycanlı” sənədli filminə baxıblar.

Filmin nümayişindən sonra ziyafət verilib.

 

 

 

 

Arxiv üzrə axtarış