2022-12-07

Sahibə Qafarova Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.

Azərbaycan parlamentinin rəhbərini səmimiyyətlə salamlayan Prezident Sərdar Berdiməhəmmədov dost və qardaş ölkələr olan Türkmənistan ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyəsindən razılığını ifadə edib. Ölkə başçısı qeyd edib ki, xalqlarımız arasında qədim tarixə malik münasibətlər dövlətlərimiz müstəqillik qazandıqdan sonra daha da inkişaf edib. O, yüksəksəviyyəli rəsmi səfərlərin bu münasibətlərə töhfələrini qeyd edib. Həmçinin dost ölkələrimizin parlamentləri arasında münasibətlərin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın parlament nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Sahibə Qafarova Türkmənistana Milli Məclisin sədri kimi ilk dəfə səfər etdiyini diqqətə çatdırıb. Bu il Azərbaycanla Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olduğunu xatırladan Sahibə Qafarova bu illər ərzində dost ölkələrimizin əlaqələrinin uğurla inkişaf edərək bir çox sahələri əhatə etdiyini vurğulayıb. O, ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən olan qanunverici orqanlar arasında münasibətlər haqqında məlumat verib. Qeyd edilib ki, parlamentlərimiz səmərəli əməkdaşlıq əlaqələri qurub və bu əməkdaşlığı daha da dərinləşdirmək üçün yaxşı imkanlar var. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları mövcuddur və deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyəti əlaqələrin inkişafına töhfə verir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

 

 

 

 

Arxiv üzrə axtarış