Aşqabad şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd olunub
Aşqabad şəhərində Azərbaycanın Türkmənistandakı səfirliyi tərəfindən 28 May -Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
Qəbulda Nazirlər Kabinetinin sədr müavini Çarı Qılıcov, bu ölkədə fəaliyyət göstərən səfirlər, beynəlxalq təşkilatların, ictimai və yaradıcılıq birliklərinin nümayəndələri, Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.
Tədbir Azərbaycanın və Türkmənistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Giriş sözü ilə çıxış edən səfir Səfir Həsən Zeynalov 104 il əvvəl, 1918-ci ildə Azərbaycan Respublikasının Milli Şurasının xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək İstiqlal Bəyannaməsini imzaladığını vurğulayıb. Qısa müddətdə parlament və hökumətin yaradıldığını, bayraq, himn kimi dövlət atributlarının təsis edildiyini, dövlət quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirildiyini və respublikanın beynəlxalq hüquq sisteminin subyekti kimi tanınması istiqamətində addımlar atıldığını diqqətə çatdırıb.
Səfir Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində yaradılan ilk demokratik, dünyəvi respublika olması, onun yarandığı tarixi şərait, mövcud olduğu qısa müddət ərzində dövlət quruculuğunun müxtəlif sahələrində həyata keçirilən mütərəqqi islahatlar, beynəlxalq aləmdə tanınması istiqamətində görülən işlər barədə iştirakçılara geniş məlumat verib.
Səfir çıxışında Azərbaycanın Cənub Qaz Dəhlizi, Bakı-Tiflis-Ceyhan enerji layihəsi, həmçinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat layihələri kimi əsas beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin təşəbbüskarı və fəal iştirakçısı olduğunu xatırladıb.
Daha sonra 2020-ci ilin payızında Azərbaycanın həyatında çox mühüm hadisənin baş verdiyini - Azərbaycanın Ermənistanın 30 illik işğalına son qoyduğunu, beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü və suveren hüququnu bərpa etdiyini xüsusilə vurğulayan səfir, hazırda Azərbaycan hökumətinin işğal zamanı tamamilə dağıdılmış yüzlərlə yaşayış məntəqəsinin bərpası, bir milyon məcburi köçkünün öz torpaqlarına qayıtması üçün infrastrukturun yaradılması istiqamətində böyük işlər gördüyünü diqqətə çatdırıb.
Hazırda Azərbaycanın Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünü və sərhədlərini tanıyan sülh sazişi üzərində işləməyə hazır olduğunu bəyan edən H. Zeynalov, regionda münaqişənin başa çatması ilə ilk növbədə nəqliyyat-kommunikasiya sektorunda yeni əməkdaşlıq imkanlarının yarandığını və bu imkanların yalnız Qafqaz ölkələrinin deyil, həm də yeni imkanlardan yararlanan bütün ölkələrin maraqlarına xidmət edəcəyini bildirib.
Azərbaycanla Türkmənistan arasındakı münasibətlərə toxunan diplomat, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistanın Arkadağı Qurbanqulu Berdiməhəmmədovun məqsədyönlü və müdrik siyasətləri nəticəsində ölkələrimizin strateji tərəfdaşa çevrildiklərini nəzərə çatdırıb, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun rəhbərliyi ilə Azərbaycanla strateji əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Səfir vurğulayıb ki, Azərbaycan və Türkmənistan nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq edir. O, ölkələrimizin dostluq və mehriban qonşuluq ənənələrinə, qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə xüsusi əhəmiyyət verildiyini bildirib.
Bir neçə gündən sonra, iyunun 9-da ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyini deyən səfir, ölkələrimizin dostluq, qardaşlıq və mehriban qonşuluq ənənələrinə və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verdiyini, Azərbaycanın və Türkmənistanın istər ikitərəfli, istərsə də çoxtərəfli formatda, ilk növbədə, nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etdiyini söyləyib.
Ölkələrimizin tarixi Böyük İpək Yolunun bərpasında və daha da inkişaf etdirilməsində fəal iştirak etdiklərini xatırladan səfir, müasir infrastrukturun yaradılması, o cümlədən Azərbaycan və Türkmənistanda yeni beynəlxalq dəniz limanlarının fəaliyyət göstərməsini, avtomobil və dəmir yollarının çəkilməsinin bu istiqamətdə öz töhfəsini verdiyini qeyd edib.
Azərbaycanla Türkmənistan arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və güclənməsinin təkcə bu iki ölkə üçün deyil, bütövlükdə Avrasiya bölgəsi üçün faydalı olduğunu bildirən səfir, Azərbaycanla Türkmənistan arasında ticarət əlaqələrinin də sürətlə inkişaf etdiyini, ötən illə müqayisədə bu il ticarət dövriyyəsinin beş dəfə artacağını vurğulayıb.
Tarix, dil və mədəni əlaqələrin xalqlarımızı sıx birləşdirdiyini və bunun əməkdaşlığımızın daha da dərinləşməsi üçün möhkəm zəmin yaratdığına diqqət çəkən diplomat, sonda Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasındakı münasibətləri dəqiq səciyyələndirən – “Azərbaycan daima Türkmənistanın uğurlarına və nailiyyətlərinə özününkü kimi sevinir” sözlərini sitat gətirib.
Daha sonra çıxış edən Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Çarı Qılıcov tədbirə dəvət olunduğuna görə təşəkkürünü bildirib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və bütün türkmən xalqı adından səfiri və dost Azərbaycan xalqını milli bayram – Müstəqillik Günü münasibətilə təbrik edib.
Dövlət rəhbərlərinin müdrik siyasəti nəticəsində Türkmənistanla Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və daha da inkişafı istiqamətində çoxlu işlər görüldüyünü deyən Çarı Qılıcov, ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün sahələrdə, o cümlədən siyasi, ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə dinamik inkişaf etdiyini bildirib.
Dövlətlərimiz arasında hərtərəfli münasibətlərin inkişaf etdirilməsi məqsədilə geniş spektrli məsələlər üzrə razılıq əldə olunduğunu və əməkdaşlığın müxtəlif sahələrini əhatə edən möhkəm sənədlər paketi imzalandığını deyən rəsmi qonaq, Türkmənistan və Azərbaycan arasında gələcək hərtərəfli, qarşılıqlı faydalı əməkdaşlıq üçün strateji xarakter daşıyan dövlətlərarası münasibətlərin yüksək inkişaf dinamikasını qeyd etməyin vacibliyini vurğulayıb.
O, ölkələrimizin nəqliyyat-logistika, enerji, sənaye, ticarət, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli şəraitin olduğunu bildirib və ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafında Xəzər dənizinin ehtiyatlarının böyük əhəmiyyət kəsb etdiyini dilə gətirib.
Qlobal iqtisadiyyatda mövcud vəziyyətə baxmayaraq, ölkələrimiz arasında ticarət dövriyyəsinin 2021-ci ildə təxminən 16 faiz artdığını və daha da artmaqda davam etdiyini məmnunluqla qeyd edən rəsmi qonaq, ticarət sahəsində mövcud potensialı reallaşdırmaq üçün işgüzar əlaqələrin stimullaşdırılması üzrə tədbirlərin fəal şəkildə davam etdirilməsinin, ixracın və idxalın artırılmasına imkan verəcək sərgilərin, biznes forumların keçirilməsinin, iqtisadi inkişafın təşviqinin yeni formalarının axtarışının zəruriliyini diqqətə çatdırıb.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyəyə çatması yolunda Türkmənistan-Azərbaycan hökumətlərarası komissiyasının işinin mühüm rol oynadığını qeyd edən Ç.Qılıcov, hərtərəfli əməkdaşlığın inkişafının iki ölkə xalqları arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə töhfə verdiyini söyləyib.
Çıxışlardan sonra tədbir iştirakçılarına canlı musiqinin müşayiəti ilə ziyafət verilib.