2019-05-30

Azərbaycan Respublikasının Baş naziri Türkmənistanın Prezidenti ilə görüşüb

2019-cu ilin may ayının 30-da Müstəqil Dövlətlər Birliyi (MDB) üzv ölkələrinin Hökumət Başçıları Şurasının növbəti iclasında iştirak etmək məqsədilə Aşqabad şəhərinə gəlmiş Azərbaycan Respublikasının Baş naziri cənab Novruz Məmmədovu Türkmənistanın Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədov qəbul etmişdir.

Rəsmi qonağı səmimiyyətlə salamlayan Türkmənistan Prezidenti, ona öz evinə, öz qardaşının yanına gəldiyini demişdir. Qəbul üçün ayrılmış vaxta və türkmən torpağında göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən AR-ın Baş naziri, AR-ın Prezidenti cənab İlham Əliyevin Türkmənistanın dövlət başçısına salamlarını və onun şəxsində bütün Türkmən xalqına ən xoş arzularını çatdırmışdır.

Xoş sözlərə görə minnətdarlığını və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə qarşılıqlı ən xoş arzularını çatdırılmasını xahiş edən Türkmənistan Prezidenti, qarşılıqlı faydalı tərəfdaşlığı genişləndirmək üçün malik olduqları böyük potensial və hazırlıq sayəsində ölkələrimiz arasında münasibətlərin olduqca uğurla inkişaf etdiyini məmnunluqla qeyd etmiş, lakin potensialımızın bundan xeyli çox olduğunu bildirmişdir. Dövlət başçısı vurğulamışdır ki, bu əməkdaşlıq Türkmənistan və Azərbaycan xalqlarının tarixən formalaşmış dostluq və qardaşlıq anlayışlarına, ümumi mədəni-mənəvi dəyərlərinə, beynəlxalq münasibətlərdə sülh və humanizm prinsiplərinə hörmət və riayət etmələrinə əsaslanır.

AR Prezidentinin Türkmənistana rəsmi səfərini məmnuniyyətlə xatırladığını bildirən Türkmənistan Prezidenti, səfər çərçivəsində çoxsaylı sənədlərin imzalandığını, həmin sənədlərin artıq icrasına başlandığını demişdir. Dövlət başçısı ölkəsinin Azərbaycanın üzv olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının layihələrində də aktiv iştirak edəcəyini bildirmişdir.

Azərbaycan Respublikasının da dəstəyi ilə bu ilin avqust ayında Türkmənistanda keçiriləcək Xəzər İqtisadi Forumuna böyük maraq olduğunu, hətta Xəzəryanı olmayan ölkələrin də forumda iştirak etmək istədiklərini deyən Türkmənistan Prezidenti, Azərbaycanın dövlət və özəl sektorunun forumun fəaliyyətində aktiv iştirak edəcəyinə qarşılıqlı faydalı təkliflərlə çıxış edəcəklərinə ümidvar olduğunu vurğulamışdır.

Daha sonra ölkələrimizin ərazisindən keçən Lapis Lazuli və Qara dəniz-Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutlarının əhəmiyyətinə və artıq ətraf ölkələrin də bu marşrutlara qoşulmaq istəklərinə toxunmuşdur. Lapis Lazuli marşrutu üzrə ilk yüklərin artıq göndərildiyini bildirən dövlət başçısı, yaxın vaxtlarda Qara dəniz-Xəzər dənizi marşrutunun fəaliyyətə başlayacağına əminliyini ifadə etmişdir.

Bu ilin oktyabr ayının 11-də Aşqabadda keçiriləcək MDB üzv ölkələri Dövlət Başçılarının Zirvə Toplantısında AR-ın Prezidentini görməkdən məmnun olacağını bildirən Türkmənistan Prezidenti, AR Prezidentinin bu ilin oktyabr ayının 25-də Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət başçılarının Zirvə Toplantısında iştirakla bağlı göndərdiyi dəvət məktubunu aldığını və zirvə toplantısında iştirak edəcəyini diqqətə çatdırmışdır.

AR Baş naziri səfər ərəfəsində AR Prezidentinin ona tapşırdığı fikirləri Türkmənistan Prezidentinin dilindən eşitməkdən olduqca məmnun qaldığını ifadə edərək, ölkələrimizin imkanlarından səmərəli qarşılıqlı istifadə etməyimizin həm qardaş xalqlarımızın, həm də yerləşdiyimiz regionların xeyrinə olacağını bildirmişdir. Ölkələrimizin hərtərəfli əməkdaşlığı üçün Azərbaycan hökumətinin bütün mümkün addımları atacağı diqqətə çatdırılmışdır.

İkitərəfli əlaqələrin müxtəlif sahələrini müzakirə edən tərəflər, ticarət, iqtisadi, energetika və digər sahələrdə səmərəli əməkdaşlıq üçün böyük imkanlar və perspektivlər olduğunu qeyd etmişdirlər. Bu baxımdan, Türkmənistanın və Azərbaycanın Avrasiya ölkələrinə uzunmüddətli enerji tədarükünü təşkil etmək üçün optimal şərait yaradan neft və qaz ehtiyatlarına malik olduğu qeyd edilmişdir.

Qədim dövrlərdən bəri Böyük İpək Yolu ilə əlaqəli olan iki ölkənin coğrafi mövqeyinin Şimal-Cənub və Şərq-Qərb transkontinental tranzit-nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsi üzrə səyləri uğura aparan əlverişli amil olduğu bildirilən görüşdə, Xəzər dənizindəki limanları da daxil olmaqla, Türkmənistan və Azərbaycan müasir nəqliyyat və logistika infrastrukturu ilə malların ən qısa marşrutlarla operativ və iqtisadi cəhətdən səmərəli nəqlini təmin edə biləcəyi qeyd edilmişdir. Bununla bağlı beynəlxalq ortaq tariflərin müəyyən olunmasının vacibliyi bildirilmişdir.

Bununla yanaşı, təhsil, elm və mədəniyyət, idman və turizm sahələrində səmərəli əlaqələri stimullaşdıran, iki ölkənin qardaş xalqları arasında dostluq, etimad və qarşılıqlı anlaşma təmin edən birgə tədbirlərin keçirilməsi təcrübəsini davam etdirən ənənəvi humanitar dialoqun daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.

Görüş zamanı MDB Hökumət Başçıları Şurasının hazırkı iclasının gündəliyində irəli sürülən məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Ölkəsinin MDB çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayan Türkmənistanın Prezidenti bütün istiqamətlərdə həm ikihərtərəfli, həm də çoxtərəfli formatda bərabərhüquqlu və etibarlı dialoqun təşviq edilməsinə hər cür yardım göstərərək, ölkəsinin müsbət nəticələr əldə etmək üçün qarşılıqlı faydalı dövlətlərarası əməkdaşlığı aktiv şəkildə inkişaf etdirməyə hazır olduğunu qeyd etmişdir.

Görüşün sonunda Türkmənistan Prezidenti və AR-ın Baş naziri dövlətlərimiz arasındakı münasibətlərin gələcəkdə də mehriban qonşuluğun ən yaxşı ənənələri ilə uğurla inkişaf edəcəyinə əminlik ifadə etmişdirlər.

Görüşdə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Zeynalov da iştirak etmişdir.

Arxiv üzrə axtarış