Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası olub
Oktyabrın 11-də Aşqabad şəhərində məhdud tərkibdə iclasdan sonra MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası olub.
İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.
Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov MDB İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedevə Türkmənistanın “Bitaraplık” ordenini verdi. Azərbaynın Rusiyada səfiri, MDB üzv dövlətlərinin Beynəlxalq humanitar əməkdaşlıq fondunun rəyasət heyətinin sədri Polad Bülbüloğlu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova “Humanitar əməkdaşlığın inkişafındakı xidmətlərinə görə” medalını verdi.
İclasda bir sıra sənədlər, o cümlədən “Strateji iqtisadi əməkdaşlıq haqqında” bəyannamə imzalandı.
Sonra Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından nümayəndə heyətlərinin başçılarının şərəfinə ziyafət verildi.
Ziyafətdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak etdi.
Bununla da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı.