2018-02-24

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən fevral ayının 24-də Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Səfirliyin əməkdaşları, soydaşlarımız və ictimaiyyət nümayən­dələri iştirak etmişdir. Tədbir soyqırım qurbanlarının xatirəsinin anılması ilə başlanmışdır.

Tədbiri giriş sözü ilə açan Səfir Həsən Zeynalov bu il Xocalı soyqırımının 26-cı ildönümünün tamam olduğunu bildirmişdir. 1992-ci ilin fevralın 26-na keçən gecə Xocalı şəhərinə ermənilər tərəfindən bütün istiqamətlərdən hücum edildiyini bildirən cıxışçı, nəticədə erməni silahlı birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğalını həyata keçirdiyini qeyd etmişdir. İşğalçıların Xocalını darmadağın etdiklərini, onun dinc əhalisini xüsusi amansızlıqla qırdıqlarını deyən Səfir, 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 mülki şəxsin qətlə yetirildiyini, mindən çox sakinin yaralandığını, 1275 sakinin əsir götürüldüyünü, 150 sakinin itkin düşdüyünü və sadəcə azərbaycanlı olduqları üçün onlara qarşı bu qırğının həyata keçirildiyini diqqətə çatdırmışdır.

Erməni silahlı birləşmələri tərəfindən dinc sakinlərin kütləvi öldürülməsinin, əsirlərin və meyitlərin təhqir edilməsinin dünya üçün sirr olmadığını qeyd edən Səfir, bunun Ermənistan prezidenti Serj Sarqsyan tərəfindən də etiraf edildiyini bildirmişdir.

Xocalının mülki əhalisinin məqsədli şəkildə qırğınının təsadüfi hərəkət olmayıb, Ermənistanın geniş yayılmış və sistemli şəkildə həyata keçirdiyi mənfur və amansız etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirən Səfir, Xocalıda törədilmiş əməllərin beynəlxalq cinayət hesab olunduğunu, bu əməlləri törədən, onlarla əlbir olan və onlara kömək edənlərin hər birinin məsuliyyət daşıdığını qeyd etmişdir.

Səfir, bir sıra dövlətlərin 40-a yaxın mərkəzi və yerli nümayəndəli orqanlarının, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Xocalıda dinc əhalinin qırğınının pislənilməsinə və Xocalı faciəsinin soyqırım və insanlıq əleyhinə cinayət əməli kimi tanınmasına dair çoxsaylı qərarlar qəbul etdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

“Xocalıya ədalət” aksiyası çərçivəsində atılan addımların əhəmiyyətini qeyd edən Səfir, beynəlxalq hüquq çərçivəsində görülən tədbirlərin cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsinə gətirilməsinə xidmət edəcəyinə əminliyi ifadə etmişdir.

26 fevral tarixinin həm də Sumqayıt hadisələri ilə xarakterizə olunduğunu bildirən Səfir, Sumqayıtda baş verənlərin Dağlıq Qarabağ münaqişəsinin alovlandırılması istiqamə­tində ermənilərin sovet rəhbərliyi və təhlükəsizlik orqanları ilə birgə təşkil etdiyi xüsusi hazırlanmış senari olduğunu qeyd etdi. Təsadüfi deyil ki, Sumqayıt hadisələrinin ildönümü günü Xocalı soyqırımını törədən ermənilər Sumqayıtın “intiqamı”nı aldıqlarını bildirirdilər.

Böyük bir hissəsinin uşaq, qadın və qocalardan ibarət olan dinc mülki əhaliyə qarşı onların milli mənsubiyyətinə görə edilən bu hərəkətlərin heç bir bəraətinin olmadığını, bu soyqırımı törədənlərin ən ağır şəkildə cəzalanmalı olduqlarını ifadə edən tədbir iştirakçıları, soyqırım qurbanlarının xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını bildirmişlər.

Çıxışlardan sonra tədbir iştirakçıları Xocalı soyqırımını əks etdirən foto sərgiyə və sənədli filmə tamaşa etmişdirlər.

Arxiv üzrə axtarış