2017-12-01

Azərbaycan Respublikası Prezidentinin və Əfqanıstan İslam Respublikası Prezidentinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub

Prezident İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Dövlət başçıları görüşdə çıxış etdilər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli cənab Prezident, əziz qonaqlar, Azərbaycana bir daha xoş gəlmisiniz. Cənab Prezident, Sizi görməkdən çox məmnunam. Gəlişinizə görə minnətdaram. Bu, Sizin ölkəmizə artıq üçüncü səfərinizdir. Eyni zamanda, bizim bir çox beynəlxalq tədbirlər zamanı görüşmək imkanımız olub. Çox yaxşı şəxsi münasibətlərimiz qurulub. Həmçinin ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir.

Əvvəlcə, mən Sizi və hökumətinizi ölkənizdə inkişaf sahəsində əldə etdiyiniz nailiyyətlərə görə təbrik etmək istərdim. Yanaşmanız Əfqanıstan üçün islahatların yaxşı sürətlə getməsini mümkün etdi. Şadam ki, əməkdaşlığımızın bir hissəsi islahatlarla, xüsusən də dövlət sektoru və digər sahələrlə bağlıdır.

Biz dostuq, biz tərəfdaşıq. Çox güclü siyasi münasibətlərimiz var. Bir-birimizi beynəlxalq təşkilatlarda dəstəkləyirik. İqtisadi və ticari sahələrdə böyük potensial mövcuddur. Bunları Sizinlə artıq müzakirə etdik. Onların sırasında daşımalar və enerji sahələri var. Bu gün keçirdiyimiz təkbətək görüşümüzdən sonra nümayəndə heyətlərimiz gündəliyimizi daha geniş şəkildə müzakirə edəcəklər. Mən ikitərəfli iqtisadi fəaliyyət sahəsində çox sıx çalışmaq üçün aidiyyəti rəsmi şəxslərə müvafiq göstərişlər vermişəm.

Cənab Prezident, bir daha xoş gəlmisiniz.

 

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf QANİ dedi:

Bismillahir-rəhmanir-rəhim.

Cənab Prezident, Bakıya gəlməyimiz məmnunluğa çevrilib. Buraya səfərimi, eləcə də mümkün olan təqdirdə hər bir beynəlxalq tədbirdə Sizinlə görüşməyi səmimiyyətlə arzulayırdım.

Əvvəlcə, böyük nailiyyətlərlə bağlı Sizi bir daha təbrik etmək istərdim. İcazə verin, illər boyu verdiyiniz dəstəyə görə Əfqanıstan xalqı adından Sizə bir daha minnətdarlığımı bildirim. NATO qüvvələrinin marşrutu, demək olar ki, kəsildiyi zaman, Siz öz hava dəhlizinizi açdınız.

Bakının gözəlləşdirilməsinə, onun yüklərin sürətli çatdırılma mərkəzinə çevrilməsinə böyük həcmdə resurslar ayırdınız. İndi isə artıq Lapis-Lazuli sazişi imzalanıb.

Fikrimcə, aramızda səmimi şəxsi münasibətlər, o cümlədən ölkələrimiz arasında yaxşı gələcəyi olan əlaqələr qurulub. İcazə verin, öz mülahizələrimi bildirim. Sonra isə, göstərişlərimiz əsasında həmkarlarımız işləyə bilərlər. Əvvəlcə, Sizin təcrübənizdən öyrənməyi çox arzulayırıq. Rabitə Nazirliyimiz hazırda “ASAN xidmət”i ölkəmizdə həyata keçirir.

Arxiv üzrə axtarış