Azərbaycan Respublikasının Prezidenti Əfqanıstan İslam Respublikasının maliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabr ayının 7-də Əfqanıstan İslam Respublikasının maliyyə naziri Əklil Əhməd Hakiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlət başçısı ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin olduğunu qeyd edərək, əməkdaşlığımızın artıq siyasi dialoq kimi mühüm sahəni və digər istiqamətləri əhatə etdiyini demişdir. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin inkişafında dövlət başçıları arasında keçirilən görüşlərin əhəmiyyətini vurğulayaraq Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin ölkəmizə səfərini və onunla müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırlamışdır. Dövlətimizin başçısı yüksək səviyyədə keçirilən görüşlər və danışıqlarda əldə edilmiş razılaşmaların tam şəkildə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirmişdir. Ölkəmizin Əfqanıstanı dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan hərbi qulluqçularının Əfqanıstanda sülhməramlı missiyada iştirakı və logistik təchizatda fəal rolunun əhəmiyyətini qeyd etmişdir. Dövlətimizin başçısı, eyni zamanda, investisiya və iqtisadiyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirmişdir.
Əfqanıstanın maliyyə naziri Əklil Əhməd Hakimi, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarını Azərbaycanın dövlət başçısına çatdırmışdır. Nazir Azərbaycanın ölkəsinə verdiyi dəstəyin Əfqanıstan rəhbərliyi və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdir. O, qeyd etmişdir ki, səfərinin əsas məqsədi əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsindən ibarətdir.
Dövlət başçısı Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarına görə minnətdarlığını bildirmiş, onun da salamlarını Əfqanıstan Prezidentinə çatdırmağı xahiş etmişdir. Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.