Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı qadağalar və məhdudiyyətlər

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN AZƏRBAYCAN RESPUBLİKASINA GƏLİŞİ İLƏ BAĞLI QADAĞALAR VƏ MƏHDUDİYYƏTLƏR

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 16-cı maddəsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi aşağıdakı hallarda qadağa edilir:

16.1.1. milli təhlükəsizlik və ya ictimai asayişin mühafizəsi, yaxud Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə;

16.1.2. şəxsin sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətməsi və ya transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olması barədə məlumat olduqda;

16.1.3. şəxs Azərbaycan Respublikasının vətəndaşlarına və ya Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdiyinə görə məhkum olunduqda, əgər məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdirsə və ya götürülməmişdirsə;

16.1.4. şəxs əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda, əgər ölkəyə girişinə qoyulmuş məhdudiyyət müddəti bitməmişdirsə;

16.1.5. şəxsin Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə;

16.1.6. şəxs əvvəllər Azərbaycan Respublikasında olarkən ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərini pozduqda;

16.1.7. şəxs Azərbaycan Respublikasına gəlməsi haqqında vəsatət qaldırarkən, özü və ya səfərinin məqsədi haqqında yalan məlumat verdikdə;

16.1.8. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə.

16.2. Bu Məcəllənin 16.1.6 – 16.1.7-ci maddələrində nəzərdə tutulmuş hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinə 5 il müddətinə qadağa qoyulur.

16.3. Bu Məcəllənin 16.1-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar müəyyən olunmuş qaydada “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir.

16.4.Bu Məcəllənin 16.1.8-ci maddəsində nəzərdə tutulmuş şəxslər cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödədikdə onların Azərbaycan Respublikasına gəlməsi ilə bağlı qadağa dərhal götürülür.

 

Miqrasiya Məcəlləsinin tələblərini pozaraq pasportsuz, vizasız və ya etibarlı olmayan pasport və digər sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisinə buraxılmadan, gəldikləri ölkəyə qaytarılırlar.

Saxta və ya başqasına məxsus sənədlərlə dövlət sərhədini keçməyə cəhd göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 17-ci maddəsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsi aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:

17.1.1. onların getməsi milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olduqda – bu əsas aradan qalxanadək;

17.1.2. onlar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barələrində hər hansı qətimkan tədbiri seçildikdə – azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək;

17.1.3. onlar məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzalarını çəkib qurtaranadək və ya bu Məcəllənin 17.1.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla cəzadan azad edilənədək;

17.1.4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;

17.1.5. onlar üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək;

17.1.6. məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;

17.1.6-1. vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;

17.1.7. onlar inzibati xəta törətdikdə – barələrində inzibati tənbeh tədbirləri icra edilənədək.

17.2. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada profilaktik peyvəndlərin aparılmaması Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəlişinin məhdudlaşdırılması ilə nəticələnir.

17.3. Bu Məcəllənin 17.1-ci və 17.2-ci maddələrində nəzərdə tutulmuş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar müəyyən olunmuş qaydada “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir.

Arxiv üzrə axtarış