Azərbaycan nümayəndə heyəti “Turkmentravel-2026” adlı beynəlxalq tədbirdə iştirak edib
14-16 aprel 2026-cı il tarixlərində Aşqabadda, Türkmənistanın Ticarət-Sənaye Palatasında ölkənin turizm imkanlarını geniş şəkildə tanıtmaq, beynəlxalq şirkətlərlə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək, həmçinin müvafiq sahədə qabaqcıl təcrübələri öyrənmək məqsədilə “Turkmentravel-2026” adlı beynəlxalq turizm sərgisi və konfransı keçirilib. Sərgidə Türkmənistan Məclisinin sədri, Nazirlər Kabineti sədrinin müavinləri, nazirliklərin və sahəvi idarəetmə orqanlarının, ictimai təşkilatların, kütləvi informasiya vasitələrinin, xarici ölkələrin turizm üzrə dövlət qurumlarının və şirkətlərinin, Türkmənistandakı diplomatik nümayəndəliklərin, həmçinin beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri iştirak edib. Türkmənistanın və xarici dövlətlərin turizm sahəsində fəaliyyət göstərən 70-ə yaxın şirkəti sərgi stendlərində təmsil olunub.
16 aprel tarixində xarici qonaqların, turizm sahəsi üzrə müəllim və tələbələrin iştirakı ilə “Turizm-mədəniyyətlər körpüsü: turizmdə dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq” adlı elmi-praktik konfrans keçirilib.
Eyni zamanda, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib və panel müzakirələrində tədbir iştirakçılarını Azərbaycanın turizm potensialı, turizm sahəsindəki statistik göstəriciləri, ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlər haqqında məlumatlandırıb, bu xüsusda, Turkmenistaninfo qəzetinə müsahibə verib. Nümayəndə heyəti, həmçinin, Türkiyənin Türkmənistandakı Səfirliyi tərəfindən təşkil edilən “Türkiye Turizm Haftası” tədbirində də iştirak edib.