2025-01-19

20 Yanvar - Azərbaycanın şərəf və qəhrəmanlıq salnaməsi

1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin həm faciəli, kədərli səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Bu gün Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən 35 il keçir.

Azərbaycanda milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə, məhz 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet Ordusu bölmələri tərəfindən Bakı və ölkənin digər şəhərlərində dinc əhaliyə qarşı faciə törədildi. Nəticədə 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü.

Hadisədən dərhal sonra 21 yanvar 1990-cı il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı faciəni pisləyən bəyanatla çıxış etdi və informasiya blokadasını qırmağa, dünya ictimaiyyətini baş verən hadisələr barədə həqiqətləri çatdırmağa müvəffəq oldu.

Qürurla qeyd olunmalıdır ki, 20 Yanvar faciəsi Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Azərbaycan xalqı öz tarixi mübarizə ənənələrinə sadiq olduğunu göstərdi. Canlarından keçmiş vətən övladları o qanlı gündə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Azərbaycan tarixinə faciə ilə yanaşı, milli qürur günü kimi həkk olan 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı.

Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildi və “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu, 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.

Hazırda Azərbaycanın bayrağı ölkənin bütün suveren ərazilərində dalğalanır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə həm müasir Azərbaycan tarixində şərəfli bir dövr başlandı, həm də ölkənin azadlığı, müstəqilliyi, eləcə də ərazi bütövlüyü uğrunda 35 il əvvəl - 1990-cı ilin qanlı 20 Yanvar hadisələri zamanı şəhid olmuş Vətən övladlarının ruhu da şad oldu.

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümündə izdihamlı ziyarətlərlə müşayiət edilir, Azərbaycan xalqı Şəhidlər Xiyabanı ziyarət edir, onları qürurla anır və minnətdarlıqla yad edir.

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi

Arxiv üzrə axtarış