Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi: mühüm məqamlara diqqət çəkdi (Video)
Hörmətli mərasim iştirakçıları!
Çıxışımın əvvəlində hər birinizi səmimi-qəlbdən salamlayır, ən xoş arzularımı çatdırıram. Azərbaycan Respublikasının Prezidenti, hörmətli və əziz qardaşım cənab İlham Əliyevi və Ermənistan Respublikasının Baş naziri cənab Nikol Paşinyanı “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülmələri münasibətilə ürəkdən təbrik edirəm.
Bugünkü mərasim qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsi, dövlətlərarası dialoqun inkişafı, habelə sülh və sabitlik naminə maneələrin aradan qaldırılması prinsiplərinin müasir dövrün mürəkkəb çağırışlarının və vəzifələrinin həllində son dərəcə mühüm, səmərəli və uzaqgörən yanaşmalar olduğunu aydın şəkildə nümayiş etdirir.
Türkmənistan Azərbaycan Respublikası və Ermənistan Respublikası ilə münasibətlərin inkişafına böyük önəm verir. Türkmən xalqını bu ölkələrin xalqları ilə əsrlər boyu formalaşmış tarixi, siyasi, iqtisadi və mədəni-humanitar əlaqələr birləşdirir. Hazırda dövlətlərarası münasibətlər bərabərhüquqluluq, xoş qonşuluq və qarşılıqlı fayda prinsipləri əsasında ardıcıl şəkildə inkişaf etdirilir və ölkələrimizin prioritet milli maraqlarına tam uyğun gəlir.
Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin müdrikliyi və yüksək məsuliyyəti hər iki ölkənin rifahının və davamlı inkişafının təmin olunmasına, habelə Cənubi Qafqaz regionunda uzunmüddətli sabitliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsinə mühüm töhfə verən əsas amillərdir. Şeyx Zayed adına mükafatın təqdim edilməsinin qlobal miqyasda xoş qonşuluq ənənələrinin, sülh fəlsəfəsinin, etimada və qarşılıqlı hörmətə əsaslanan dialoqun ali dəyərlərinin təşviqi baxımından mühüm stimul olacağına əminik.
Türkmənistan özünün daimi neytrallıq statusundan, mövcud potensialından və toplanmış siyasi təcrübəsindən istifadə edərək bu istiqamətdə həyata keçirilən təşəbbüslərə hərtərəfli dəstək göstərməyə, qlobal və regional sülhyaratma gündəliyinin reallaşdırılmasına, beynəlxalq hüquq normalarının və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin qorunmasına yönəlmiş səylərə töhfə verməyə hazırdır.
Məlum olduğu kimi, Türkmənistanın təşəbbüsü ilə 2025-ci il Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Beynəlxalq Sülh və Etimad İli” elan edilmişdir. Bu qərar qeyd olunan yanaşmaların aktuallığını və əhəmiyyətini bir daha təsdiqləmişdir. Eyni zamanda, münaqişələrin aradan qaldırılması, beynəlxalq münasibətlərdə qarşılıqlı məqbul həll yollarının tapılması və səmərəli əməkdaşlığın inkişafı istiqamətində dövlətlərin və nüfuzlu çoxtərəfli qurumların göstərdikləri səylərə beynəlxalq dəstəyin artmaqda olduğunu nümayiş etdirmişdir.
Bu kontekstdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhə və qarşılıqlı razılığa nail olunmasına dair mühüm qərarların məhz Beynəlxalq Sülh və Etimad İlində qəbul edilməsi xüsusi tarixi əhəmiyyət daşıyır.
Hörmətli mərasim iştirakçıları!
Şeyx bin Zayed görkəmli dövlət xadimi olmuşdur. Mənə dəfələrlə onunla eyni süfrə arxasında sülh mövzusunda fikir mübadiləsi aparmaq nəsib olmuşdur.
Əminəm ki, Azərbaycan Respublikasının Prezidentinə və Ermənistan Respublikasının Baş nazirinə “Zayed İnsan Qardaşlığı Mükafatı” nın təqdim edilməsi siyasi-diplomatik, sosial-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da genişlənməsinə, qarşılıqlı münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə, birgə iri miqyaslı iqtisadi və infrastruktur layihələrinin həyata keçirilməsinə əlavə impuls verəcəkdir.
Bildirmək istərdim ki, Türkmənistan bu konstruktiv təşəbbüsləri və mövcud imkanları müsbət qiymətləndirir və onlara hərtərəfli dəstək göstərməyə hazırdır.
İmkan düşmüşkən, Sizə möhkəm cansağlığı, rifah və məsuliyyətli dövlət vəzifələrinizin icrasında böyük uğurlar, qonşu ölkələrin xalqlarına isə davamlı sülh, xoşbəxtlik və tərəqqi, bütövlükdə dünyanın bütün xalqlarına əmin-amanlıq və sülh arzulayıram.