news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 oktyabr 2025

Səfir Qismət Gözəlov Maxtumqulu Fərağinin “Aşiq olmuşam” şeirlər kitabının təqdimat mərasimində çıxış edib

Aşqabadda Maxtumqulu Türkmən Dövlət Universitetində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən dərc edilmiş türkmən şairi Maxtumqulu Fərağinin “Aşiq olmuşam” adlı şeirlər kitabının Azərbaycan və türkmən dillərində nəşrinin təqdimat mərasimi keçirilib. 

 

Tədbirdə Türkmənistanın UNESCO üzrə Milli Komissiyasının icraçı katibi Çinar Rustamova, səfir Qismət Gözəlov, Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Leyla Həsənova, eləcə də Türkmənistan Elmlər Akademiyasının əməkdaşları, Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi iştirak ediblər.

 

Təqdimat mərasimində çıxış edən səfir Qismət Gözəlov vurğulayıb ki, M.Fərağinin yaradıcılığı türkmən xalqının milli kimliyini və mənəvi aləmini əks etdirməklə yanaşı, bütün türk dünyasının ortaq mədəni irsinin ayrılmaz hissəsidir. M.Fərağinin sülh, dostluq, ədalət və bəşəri həmrəylik ideyalarını əks etdirən poeziyası bu gün də türk dövlətlərinin birliyinə, qarşılıqlı anlaşmasına, mədəni yaxınlaşmasına ilham verərək, insanları həmrəyliyə, mənəvi bütövlüyə səsləyir və türk dünyasının əməkdaşlıq və inkişaf ruhu ilə səsləşir. 

 

M.Fərağinin irsinin UNESCO tərəfindən beynəlxalq səviyyədə tanınmasına diqqət çəkən səfir qeyd edib ki, şairin “Aşiq olmuşam” əsərinin Azərbaycan və türkmən dillərində nəşri yalnız ədəbi hadisə deyil, həm də xalqlarımız arasında dostluq, qarşılıqlı hörmət və mənəvi əlaqələrin möhkəmlənməsinə xidmət edən mühüm təşəbbüsdür.  “Aşiq olmuşam” kitabının təqdimatı xalqlarımızın ortaq köklərə, mədəni yaxınlığa və dostluq münasibətlərinə sadiqliyinin canlı təzahürüdür.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti