news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 sentyabr 2025

Azərbaycan nümayəndə heyəti Türkmənistanın Müstəqillik Gününə həsr olunmuş “TIF-2025” forumunda iştirak edib

18-19 sentyabr 2025-ci il tarixlərində Türkmənistanın Ticarət-Sənaye Palatasında ölkənin müstəqilliyinin 34-cü ildönümünə həsr olumuş “İqtisadi Nailiyyətlər Sərgisi” və «Avaza» milli turizm zonasında Türkmənistan İnvestisiya Forumu (TIF-2025) keçirilmişdir. Tədbirlər ölkənin son nailiyyətlərini nümayiş etdirmək, dövlət və özəl sektorlar arasında əməkdaşlığı gücləndirmək və Türkmənistanın iqtisadi və texnoloji inkişafı üçün yeni imkan yaratmaq məqsədilə təşkil edilmişdir. Əsasən iqtisadiyyat, energetika və sənaye, neft-qaz, nəqliyyat, investisiyaların təşviqi, bu və digər əlaqəli sahələrdə hazır layihələrin təqdimi məqsədilə keçirilən tədbirlərdə dünyanın 45 aparıcı şirkətindən 800-dən çox nümayəndə ilə yanaşı, ölkəmizdən maliyyə nazirinin birinci müavini Anar Kərimov, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, səfir Qismət Gözəlov və Azərbaycan özəl sektorunun nümayəndələri iştirak etmişlər. “Türkmənistanın investisiya cəlbediciliyi strateji səmərəlilik amili kimi” adlı plenar sessiyada S.Ələkbərov çıxış etmiş, Azərbaycan və Türkmənistanın dövlət başçıları arasındakı yüksək səviyyəli etimad və qarşılıqlı anlaşmanın ölkələrimizin əməkdaşlığının gücləndirilməsində xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. Çıxışında Azərbaycan və Türkmənistan arasında mühüm birgə layihə və təşəbbüslər həyata keçirildiyini vurğulayan S.Ələkbərov, bunun bariz nümunələrindən biri kimi əməkdaşlığın Orta Dəhlizin səmərəliliyinin artırılmasında özünü göstərdiyini qeyd etmişdir. Onun sözlərinə görə Azərbaycan-Türkmənistan tranzit daşımaları istiqamətində son illər artım müşahidə olunur. 2025-ci ilin ilk yeddi ayında tranzit daşımalarının həcmi 1,28 milyon tona çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur. Bu nəticələr nəqliyyat və logistika sektorunda işbirliyinin gücləndiyini əyani şəkildə nümayiş etdirir.

 

Forumda Azərbaycanın əlverişli işgüzar mühiti, azad edilmiş ərazilərdə aparılan böyük tikinti-quruculuq işləri və investorlar üçün yaradılan imkanlar, tətbiq edilən güzəştlər, ölkənin strateji nəqliyyat və logistika infrastrukturu, Zəngəzur dəhlizinin perspektivləri, Ələt Azad İqtisadi Zonasının və sənaye zonalarının investisiya potensialı barədə məlumat verilib. Nazir müavini enerji, ticarət, qarşılıqlı investisiyaların təşviqi, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanlarını qeyd edib.

 

Sonda 22–23 sentyabr 2025-ci il tarixlərində Bakıda Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcəyini qeyd edən S.Ələkbərov türkmən şirkətlərini və təşkilatlarını bu mühüm tədbirdə fəal iştirak etməyə dəvət etmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti