news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 oktyabr 2025

Azərbaycan nümayəndə heyəti “Oil and Gas of Turkmenistan – 2025” beynəlxalq konfrans və sərgisində iştirak edib

22–24 oktyabr 2025-ci il tarixlərində hər il olduğu kimi Aşqabadda 30-cu Beynəlxalq “Oil and Gas of Turkmenistan – 2025” (OGT 2025) konfransı və sərgisi keçirilib. Tədbir enerji sahəsində regional əməkdaşlığın gücləndirilməsi, yeni layihələrin müzakirəsi və təcrübə mübadiləsi baxımından mühüm platforma kimi əhəmiyyət daşıyır.

 

Konfransın rəsmi açılışı və sərgi pavilyonuna baxış (“EXPO/Networking session”) çərçivəsində müxtəlif dövlət qurumlarının, beynəlxalq şirkətlərin və regional enerji təşkilatlarının nümayəndələri bir araya gəlib. Tədbir çərçivəsində Azərbaycan Respublikasının energetika nazirinin müavini Orxan Zeynalov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin digər əməkdaşları ölkəmizi təmsil ediblər.

 

Sərgidə SOCAR-ın stendi iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb, burada Azərbaycanın enerji sənayesində əldə etdiyi nailiyyətlər, yaşıl enerjiyə keçidlə bağlı layihələr və beynəlxalq tərəfdaşlıqlar barədə ətraflı məlumat verilib. Nümayəndə heyətimiz bir sıra ikitərəfli görüşlər keçirərək əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparıb.

 

Tədbirin konfrans hissəsində çıxış edən O.Zeynalov və R.Nəcəf Azərbaycan Respublikasının beynəlxalq enerji layihələrində qazandığı uğurlardan, qardaş Türkmənistan və digər Mərkəzi Asiya dövlətləri ilə səmərəli əməkdaşlıqdan, həmçinin gələcək əməkdaşlıq perspektivlərindən danışıblar. Tədbirdə Azərbaycan və Türkmənistan arasında enerji sektorunda strateji tərəfdaşlığın daha da möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsi və regional sabitlik ilə inkişafın təmin edilməsi istiqamətində əməli fəaliyyət  diqqətə çatdırılıb.

 

Konfransda Azərbaycanın Türkmənistandakı səfiri Q.Gözəlov və səfirliyin əməkdaşları da yaxından iştirak ediblər.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti