news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 yanvar 2026

Azərbaycan nümayəndə heyəti Aşqabadda keçirilən Su, Enerji və Ətraf Mühit üzrə İşçi Qrupunun 28-ci iclasında iştirak edib

20–21 yanvar 2026-cı il tarixlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) sektor müdiri İlqar Həsənov BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA Həftəsi çərçivəsində keçirilən Su, Enerji və Ətraf Mühit üzrə İşçi Qrupunun 28-ci iclasında iştirak edib.

SİMDNX nümayəndəsi Türkmənistan Respublikasının paytaxtı Aşqabad şəhərində təşkil olunan sessiyada “Su bəndlərinin təhlükəsizliyi” mövzusunda məruzə ilə çıxış edib.

Çıxış zamanı su bəndlərinin içməli su təchizatı, suvarma və enerji istehsalında mühüm rol oynadığı vurğulanıb, eyni zamanda bu obyektlərin yüksək risk daşıdığı qeyd edilib. Azərbaycan təcrübəsi əsasında hidrotexniki qurğulara nəzarət və daimi monitorinq mexanizmlərinin tətbiqi ilə bağlı yanaşmalar təqdim olunub.

Sektor müdiri bildirib ki, bu yanaşma risklərin erkən müəyyənləşdirilməsinə, texniki vəziyyətin operativ qiymətləndirilməsinə və təhlükəsizlik tədbirlərinin planlı şəkildə həyata keçirilməsinə şərait yaradır. Bununla yanaşı, sahə üzrə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi və təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi vurğulanıb.

İşçi Qrupunun fəaliyyəti çərçivəsində müasir texnologiyaların tətbiqinin vacibliyi qeyd olunaraq, gələcəkdə üzv ölkələr tərəfindən bu istiqamətdə görülməsi nəzərdə tutulan tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

SPECA Həftəsi çərçivəsində, 21 yanvar 2026-cı il tarixində “Beynəlxalq sülh və etibar ili: Davamlı inkişaf üçün regional əməkdaşlıq” mövzusunda SPECA İqtisadi Forumu da keçirilir. Forumda üzv ölkələrin yüksək vəzifəli nümayəndələri, beynəlxalq təşkilatların rəhbər şəxsləri və ekspertlər iştirak edirlər.

Tədbir çərçivəsində enerji, nəqliyyat və ticarət sahələrində regional əməkdaşlığın gücləndirilməsi, rəqəmsallaşma və iqtisadi dəhlizlərin inkişafı mövzularında müzakirələr aparılır. Azərbaycanın bu platformalarda fəal iştirakı ölkənin regional əməkdaşlığa verdiyi töhfəni və beynəlxalq təşəbbüslərə açıq mövqeyini bir daha nümayiş etdirir.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti