“The Ashgabat Times”: Üzeyir Hacıbəyli dühası və Türkmənistanda Sevilən “Arşın Mal Alan”
Dahi bəstəkar Üzeyir Hacıbəyliyə Türkmənistanda göstərilən dərin sevgi və ehtiram nəticəsində onun “Arşın Mal Alan” operettası bu ölkənin mədəniyyət həyatında özünəməxsus yer tutur. Əsər Aşqabadda müxtəlif teatrlarda səhnəyə qoyulur. 1980-ci illərdən etibarən bu əsər Aşqabaddakı A.S.Puşkin adına Rus Dram Teatrında, eləcə də digər teatrlarda müntəzəm olaraq nümayiş olunur. Səhnəyə çıxarılan “Arşın mal alan” tamaşası həm yerli, həm də xarici izləyicilər tərəfindən böyük rəğbət və maraqla izlənilir, teatrsevərlər tərəfindən yüksək qiymətləndirilir.
Dahi Üzeyir Hacıbəyli 18 sentyabr 1885-ci ildə Azərbaycanın musiqi və mədəniyyət beşiyi sayılan Şuşa şəhərində anadan olmuşdur. Üzeyir Hacıbəyli Azərbaycanla yanaşı, müsəlman şərqi və bütün türk dünyasının qürur duyduğu bir şəxsiyyətdir.
Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli eyni zamanda, parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, zəngin publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun türküçülük məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir. Üzeyir Hacıbəylinin əsərləri dünya miqyasında geniş tanınır və böyük hörmətlə qarşılanır. Xüsusilə dahi bəstəkarın “Leyli və Məcnun”, “Koroğlu”, “Arşın Mal Alan” və “O Olmasın, Bu Olsun” əsərləri beynəlxalq səhnələrdə nümayiş olunur. Bu əsərlər yalnız türk dünyasında deyil, eyni zamanda müxtəlif ölkələrdə, o cümlədən Avropa, Amerika və Asiya teatrlarında da uğurla səhnəyə qoyulur. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir Hacıbəyliyə məxsusdur.
Üzeyir Hacıbəyli Bakıda tələbələr üçün ilk musiqi məktəbini – Azərbaycan Dövlət Türk Musiqi Məktəbini təşkil etmişdir. Üzeyir Hacıbəyli Bakı Musiqi Texnikumuna, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik etmiş, ilk xalq çalğı alətləri orkestrini, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivini yaratmışdır.
Üzeyir Hacıbəyli 1948-ci ilin 22 noyabr tarixində Bakı şəhərində vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. Üzeyir Hacıbəylinin irsi bu günə qədər davam edir. Onun adı Azərbaycanın müxtəlif mədəniyyət mərkəzlərində, teatrlarında və musiqi məktəblərində yaşadılır, Üzeyir Hacıbəylinin şərəfinə musiqi festivalları keçirilir. Üzeyir Hacıbəylinin evi Şuşada muzeyə çevrilmiş və onun həyatına və yaradıcılığına həsr olunmuşdur.
Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş “Üzeyir ömrü” bədii filmi, bir sıra sənədli filmlər çəkilmişdir. UNESCO-nun qərarı ilə 100, 110, 120 illik yubileyi beynəlxalq miqyasda keçirilmişdir. 2025-ci ilin sentyabrında Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi tamam olur. Bu münasibətlə həm Azərbaycanda, həm də xarici ölkələrdə silsilə tədbirlər təşkil olunur.