news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 avqust 2025

Səfir Qismət Gözəlov “Xəzər - dostluq və sülh dənizi” adlı beynəlxalq elmi-praktik konfransında iştirak edib

12 avqust 2025-ci ildə Türkmənistanın “Avaza” Milli Turizm Zonasında “Xəzər - dostluq və sülh dənizi” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

 

Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovun iştirakı ilə baş tutan tədbirdə Xəzəryanı dövlətlərin-Azərbaycan, Türkmənistan, İran, Qazaxıstan və Rusiyanın nümayəndələri, həmçinin beynəlxalq təşkilatların, o cümlədən BMT, BMT-nin Ətraf Mühit Proqramı (UNEP), BMT İnkişaf Proqramı (UNDP), Avropa İttifaqı və ATƏT-in nümayəndələri iştirak ediblər. Konfransda Beynəlxalq Dəniz Hüququ İnstitutu, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Bankının ekspertləri videobağlantı vasitəsilə iştirak ediblər. Konfransda ölkəmizi səfir Qismət Gözəlov təmsil edib.

Konfransda Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasının (Tehran Konvensiyası) həyata keçirilməsi, Xəzər sularının ornitoloji əhəmiyyəti və Türkmənistan Xəzər Dövlət Təbiət Qoruğunun regionun bioloji müxtəlifliyinin qorunması müzakirə edilib. Tədbir iştirakçıları, həmçinin Türkmənbaşı Beynəlxalq Dəniz Limanının işində ekoloji standartlara uyğunluq məsələlərini və Avaza Milli Turizm Zonasında ekoturizmin inkişafı perspektivlərini nəzərdən keçiriblər. Konfransda Xəzəryanı ölkələr arasında hidrometeoroloji əməkdaşlığın perspektivləri, o cümlədən region dövlətləri arasında mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsində Xəzər dənizinin rolu da müzakirə olunub.

 

Səfir Qismət Gözəlov çıxışında Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətlərinin, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amil olduğunu vurğulayıb.

 

Səfir qeyd edib ki, Xəzər dənizi region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Bu xüsusda bu ilin fevral ayında Tehranda baş tutan III Xəzər İqtisadi Forumunu məmnunluqla qeyd edib. Azərbaycan Xəzərin sülh, harmoniya, mehriban qonşuluq və konstruktiv beynəlxalq əməkdaşlıq məkanı kimi qorunub saxlanması üçün göstərilən səylərə böyük əhəmiyyət verir. 2018-ci ildə Aktau Konvensiyasının imzalanmasını tarixi əhəmiyyətli hadisə kimi dəyərləndirib.

 

Səfir, Xəzərdə dövlət başçıları səviyyəsində keçirilən sammitlər, hökumət başçıları səviyyəsində iqtisadi forumlar, xarici işlər nazirlərinin görüşləri və yüksək səviyyəli işçi qrupları çərçivəsində sahilyanı dövlətlərin qarşılıqlı fəaliyyətinin genişlənməsindən danışıb. Xəzər dənizində nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin ticarət əlaqələrinin inkişafına, Avrasiya regionu üçün faydalı olduğunu vurğulayan səfir, Azərbaycanın donanması, Bakı Beynəlxalq Dəniz Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər strateji layihələri ilə regionun mühüm tranzit və logistika mərkəzinə çevrildiyini bildirib. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb olunmasının sahilyanı dövlətlərin əsas prioritetləri olduğunu qeyd edib.

 

Səfir, çıxışında həmçinin Xəzər dənizinin ekoloji problemlərinə diqqət çəkib. İqlim dəyişikliyi, qlobal isinmə və ətraf mühitin çirklənməsinin regiona təsirini vurğulayan Qismət Gözəlov, 2022-ci ildə Aşqabadda keçirilmiş VI Xəzər Sammitində dənizin suyunun səviyyəsinin azalmasının əsas müzakirə mövzusu olduğunu xatırladıb. Azərbaycanın təşəbbüsü ilə ekspertlər qrupunun yaradılması və bu qrupun ilk görüşünün Bakıda keçirilməsi üzrə tədbirlərin görüldüyünü bildirib. Eyni zamanda, COP29 çərçivəsində Bakıda keçirilmiş “Xəzərlə tanışlıq: Tehran Konvensiyası vasitəsilə iqlim dəyişikliyinin təsirləri altında sahil dayanıqlığının və biomüxtəlifliyin qorunması” mövzusunda iclasda ekoloji problemlərin müzakirə olunduğunu və sahilyanı ölkələr arasında əməkdaşlığın gücləndirildiyini vurğulayıb.

 

Sonda səfir Qismət Gözəlov LLDC Konfransı çərçivəsində Xəzər dənizinin dayazlaşması və ekoloji problemlərinin həlli mövzusunda sahil dövlətlərinin hökumət rəsmiləri səviyyəsində görüşün təşkilinə görə qardaş Türkmənistanın rəhbərliyinə təşəkkürünü bildirib və birgə fəaliyyətin dənizin qorunmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti