news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 yanvar 2026

Səfir Qismət Gözəlovun Türkmənistan Elmlər Akademiyasının Milli Əlyazmalar İnstitutunun direktoru ilə görüşü baş tutub

Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov Türkmənistan Elmlər Akademiyasının Maxtumqulu Fəraği adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun direktoru Davud Orazsahedov ilə görüşmüşdür.

 

Görüş zamanı Azərbaycanla Türkmənistan arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin iki ölkə rəhbərlərinin siyasi iradəsi nəticəsində 2025-ci ildə yeni inkişaf mərhələsinə yüksəldiyi vurğulanmış, qarşılıqlı ali və yüksək səviyyəli səfərlərin, təmasların intensivliyi qeyd olunmuşdur.

 

Azərbaycanla Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində mədəni-humanitar sahələr üzrə əməkdaşlığın ardıcıl şəkildə genişləndirildiyi, qarşılıqlı layihələrin həyata keçirildiyi və xalqlar arasında dostluq, qardaşlıq əlaqələrinin daha da möhkəmləndirildiyi qeyd olunmuşdur.

 

2025-ci ildə Azərbaycanda Türkmənistanın mədəniyyət günlərinin keçirildiyi və 2026-cı ildə isə Türkmənistanda Azərbaycanın mədəniyyət günlərinin təşkil edilməsinin nəzərdə tutulduğu bildirilmişdir.

 

Görüşdə həmçinin, ölkələrimiz arasında elm və təhsil sahələrinin ikitərəfli münasibətlərin önəmli istiqamətlərindən biri olduğu xüsusi qeyd olunmuş, bu sahədə qarşılıqlı səfərlərin, eləcə də iki ölkənin elmi qurumları arasında institusional əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti vurğulanmışdır.

 

Böyük türkmən şairi Maxtumqulu Fərağinin irsinin birgə tədqiqinin əhəmiyyəti vurğulanmış, onun yaradıcılığının Azərbaycanda daim böyük maraqla qarşılandığı, əsərlərinin Azərbaycan dilinə tərcümə edilərək nəşr olunduğu, bu kontekstdə ötən il Aşqabadda M,Fərağinin “Aşiq olmuşam” adlı şeirlər kitabının Azərbaycan və türkmən dillərində təqdimat mərasiminin keçirildiyi qeyd edilmişdir. 2025-ci ildə AMEA-da Maxtumqulu Fəraği Türkmən Ədəbiyyatı Mərkəzinin fəaliyyətə başladığı diqqətə çatdırılmışdır.

 

Görüşdə tərəflər Azərbaycanla Türkmənistan arasında imzalanmış elm və təhsil sahəsindən əməkdaşlıq sənədlərinin praktiki nəticələr verdiyini bildirərək, ali təhsil müəssisələri və elmi-tədqiqat institutları arasında birgə elmi proqramların həyata keçirilməsi, ortaq konfrans və simpoziumların təşkili, gənc alimlərin mübadiləsi və birgə elmi nəşrlərin hazırlanması məsələlərini müzakirə etmişlər.

 

Xüsusilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Maxtumqulu Fəraği adına Milli Əlyazmalar İnstitutu arasında əməkdaşlığın birgə tədqiqatlar, əlyazmaların mübadiləsi, rəqəmsallaşdırma və ortaq nəşrlər vasitəsilə genişləndirilməsinin vacibliyi qeyd olunmuşdur.

 

Eyni zamanda UNESCO, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də Türk Akademiyası çərçivəsində əməkdaşlığın gücləndirilməsi və ortaq layihələrin həyata keçirilməsi imkanları da müzakirə olunmuşdur.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti