Səfir Qismət Gözəlov Dünya Türk Dili Ailəsi Günü ilə bağlı tədbirdə çıxış edib
UNESCO tərəfindən 15 dekabrın “Dünya Türk Dili Ailəsi Günü” elan edilməsi münasibəti ilə Türkiyənin Türkmənistandakı Səfirliyi tərəfindən Aşqabadda tədbir təşkil edilmişdir. Media nümayəndələri və ictimaiyyət təmsilçilərinin iştirak etdiyi tədbirdə Türkmənistan mədəniyyət nazirinin müavini Nursahet Şirimov və Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin Türkmənistandakı səfirləri çıxış etmişlər.
Çıxışlarda türk dilinin qorunması və inkişafı istiqamətində görülən tədbirlərdən, həmçinin TDT çərçivəsində Türk Dövlətləri arasında mədəni, elmi və humanitar əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən bəhs etmişlər. Həmçinin, ortaq mədəni irsin qorunması və türk dünyasının birliyi və ortaq dəyərlərinin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanmışdır.
Səfir Qismət Gözəlov çıxışında 2025-ci ildə Özbəkistanda keçirilmiş UNESCO-nun 43-cü Baş Konfransında dekabrın 15-nin Dünya Türk Dili Ailəsi Günü elan edildiyini xatırladaraq, Türk Dövlətləri arasında ortaq dil və əlifba məsələsinin əhəmiyyətini vurğulamışdır. Eyni zamanda Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvafiq Sərəncamın imzalandığını qeyd etmişdir. 2025-ci il oktyabrın 6–7-də Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışının öz əksini tapması ortaq tarixi və etnik köklərimizin, dillərimizin bizi vahid bir ailə kimi birləşdirdiyini bir daha təsdiqləni bildirmişdir. Bu baxımdan, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türk dünyasının elmi, mədəni və milli oyanış tarixindəki mühüm rolu xüsusilə vurğulanmalıdır.
Səfir bildirib ki, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mühüm mərhələ təşkil edən tarixi hadisədir. Beynəlxalq səviyyəli bu elmi forum çərçivəsində türkologiyanın aktual məsələləri geniş və sistemli şəkildə müzakirə olunmuş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı mühüm qərarlar qəbul edilmişdir. Xüsusi olaraq, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçid məsələsi diqqət mərkəzində saxlanılmışdır.
Səfir vurğulamışdır ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin bu il Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə qeyd olunması tarixi yaddaşın qorunması və ortaq dəyərlərin möhkəmləndirilməsi baxımından xüsusi önəm daşıyır. 2025-ci ilin iyun ayında Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Qurultayın 100 illik yubileyinin qeyd olunmasına dair qərar qəbul etmiş, 30 sentyabr 2025-ci ildə isə AMEA və Türk Dil Qurumunun birgə təşkilatçılığı ilə Bakıda elmi konfrans keçirilmişdir.
Qismət Gözəlov Türkoloji Qurultayla bağlı tarixə nəzər yetirərək, Türkmənistanın da 28 aprel 1976-cı ildə Türkmənistan Elmlər Akademiyasının Maxtumqulu Fəraği adına Dil və Ədəbiyyat İnstitutunda Birinci Türkoloji Qurultayın 50 illik yubileyinə həsr olunmuş “Türkmən Filologiyasının Aktual Məsələləri” mövzusunda gənc filoloqların İkinci Respublika Konfransı keçirildiyini diqqətə çatdırmışdır.
Həmçinin, tədbirdə TDT-yə üzv ölkələrin mədəniyyətini əks etdirən video-çarxlar nümayiş etdirilmiş, musiqilər səsləndirilmişdir.