Bakı və Türkmənbaşı Beynəlxalq Dəniz Limanlarının rəhbərlərinin görüşü
Azərbaycan Respublikasına işgüzar səfərdə olan Türkmənbaşı Beynəlxalq Dəniz Limanının direktoru Parahat Jumayevin rəhbərlik etdiyi Türkmənistan nümayəndə heyəti Bakı Beynəlxalq Dəniz Limanı MMC-nin direktoru Eldar Salahov ilə görüş keçirmişdir. Danışıqlarda Türkmənistanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Qurbanmämmet Elyasov da iştirak etmişdir.
Görüş zamanı vurğulanmışdır ki, Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığı ardıcıl şəkildə möhkəmləndirir, xüsusilə Bakı (Ələt) və Türkmənbaşı beynəlxalq dəniz limanları arasında logistika əməkdaşlığının inkişafına xüsusi diqqət yetirirlər. Bu əməkdaşlıq Xəzər dənizi üzərindən yükdaşımaların həcminin artırılmasına, Orta Dəhlizin inkişafına, habelə qarşılıqlı ticarət dövriyyəsinin artdığı şəraitdə iki ölkə arasında nəqliyyat əlaqələrinin genişləndirilməsinə xidmət edir.
Son illərdə tərəflər yükdaşımaların həcminin artırılması, həmçinin sərhədkeçmə və gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində fəal iş aparmışlar. Dəniz və dəmir yolu xidmətləri üzrə tariflərin azaldılması multimodal daşımaların inkişafına və tranzit konteyner daşımalarının genişlənməsinə şərait yaratmışdır.
Bakı (Ələt) və Türkmənbaşı limanlarının inkişafı onların Xəzər dənizində beynəlxalq Şərq–Qərb nəqliyyat dəhlizlərinə xidmət edən əsas logistika mərkəzlərinə çevrilməsini hədəfləyir. Hər iki limanı birləşdirən əsas marşrut vasitəsilə neft, müxtəlif yüklər və dəmir yolu vaqonları daşınır. Modernləşdirmədən sonra Türkmənbaşı limanı iri nəqliyyat qovşağına çevrilmiş, Bakı limanı isə Ələt qəsəbəsində öz infrastrukturunu ardıcıl şəkildə genişləndirərək həm yük, həm də sərnişin daşımalarında rolunu gücləndirmiş və Böyük İpək Yolunun müasir marşrutunda mühüm yer tutmuşdur.
Bununla yanaşı, tərəflər Xəzər dənizi – Qara dəniz beynəlxalq tranzit və nəqliyyat dəhlizinin inkişafı ilə bağlı məsələləri, o cümlədən Türkmənbaşı, Bakı, Poti, Batumi və Konstansa limanları vasitəsilə yükdaşımaların artırılması perspektivlərini müzakirə etmişlər. Avropa İttifaqı da daxil olmaqla bütün maraqlı tərəfdaşlarla əməkdaşlığın intensivləşdirilməsinin əhəmiyyəti qeyd olunmuşdur.
Bu dəhlizin qlobal xarakterini və geniş perspektivlərini vurğulayan görüş iştirakçıları, eyni zamanda, səmərəli informasiya mübadiləsinin qurulması məsələlərini də müzakirə etmişlər.