news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 yanvar 2026

Azərbaycan-Türkmənistan əlaqələrinin aktual istiqamətləri müzakirə olunmuşdur

12 yanvar 2026-cı ildə səfir Qismət Gözəlov Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov tərəfindən qəbul edilmişdir.

Görüşdə Azərbaycan-Türkmənistan münasibətlərinin siyasi-diplomatik, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə aktual istiqamətləri müzakirə olunmuşdur.

Yüksək və ali səviyyələrdə qarşılıqlı səfərlərin təşkili, habelə iki qardaş ölkənin rəhbərləri və nümayəndələri arasında görüşlərin keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir.

Tərəflər cari il üçün planlaşdırılan tədbirlərə hazırlıq məsələlərini, o cümlədən Aşqabadda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclasını müzakirə etmişlər.

Həmçinin, görüşdə mədəni-humanitar əlaqələrin inkişaf perspektivləri də ətraflı nəzərdən keçirilmiş, cari ildə Türkmənistanda Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsinin planlaşdırıldığı qeyd olunmuşdur.

Eyni zamanda, Tərəflər Şərq təqviminə əsasən bu ilin At ili olduğunu, Türkmənistanda isə ilin “Müstəqil, Daimi Tərəfsiz Türkmənistan – Səmavi Atların Vətəni” elan olunduğunu vurğulayaraq, atçılıq və atçılıq idmanı sahəsində əməkdaşlığın inkişaf imkanlarını ətraflı müzakirə etmişlər.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti