Azərbaycan irsi Aşqabadda keçirilən Beynəlxalq Festivalda təqdim olunub
Aşqabad Beynəlxalq Məktəbində təşkil olunan “Beynəlxalq Mətbəx Festivalı”nda Azərbaycan zəngin mədəni irsi və turizm potensialı ilə təmsil olunmuşdur. Azərbaycanın Türkmənistandakı Səfirliyi tərəfindən qurulmuş guşədə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, xalçaçılıq ənənələri, milli geyimləri, memarlıq üslubu və turizm imkanlarını əks etdirən təqdimatlar nümayiş etdirilmişdir.
Guşədə “azerbaijan.travel” turizm portalı və “Made in Azerbaijan” brendinə dair bannerlər quraşdırılmış, milli məhsullar və sənətkarlıq nümunələri təqdim edilmişdir. Festival iştirakçılarına Azərbaycanın milli mətbəxinə məxsus yeməklər və şirniyyatlar da təqdim olunmuş, qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.
Tədbir çərçivəsində ziyarətçilərə Azərbaycanı tanıdan kitablar, broşürlər və müxtəlif nəşrlər təqdim edilmiş, foto-açıqcalar, suvenirlər və Azərbaycan milli geyimlərini əks etdirən materiallar nümayiş etdirilmişdir. Azərbaycan guşəsi festivalın diqqətçəkən mədəni təqdimat məkanlarından biri olmuş və qonaqlar tərəfindən xüsusi rəğbətlə qarşılanmışdır.
Azərbaycan Səfirliyinin nümayəndələri ziyarətçilərlə söhbətlərində Azərbaycanın zəngin mədəni irsi, tarixi ənənələri və turizm potensialından bəhs etmiş, bu irsin beynəlxalq platformalarda tanıdılmasının əhəmiyyətini xüsusi vurğulamışlar.