news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 aprel 2026

Türkmənistanın aparıcı informasiya portalında Azərbaycanın turizm potensialını əks etdirən məqalə dərc olunub

Türkmənistanın nüfuzlu “ashgabattimes.com” portalında türkmən, ingilisrus dillərində yayımlanmış materialda Azərbaycanın turizm imkanları, əsas marşrutları, tarixi-mədəni irsi və müasir turizm infrastrukturu haqqında məlumat təqdim edilib. Məqalədə Bakının müasir və tarixi elementlərin vəhdətində formalaşan şəhər olduğu qeyd olunub. Eyni zamanda, Bakının sahilyanı mövqeyi, müasir memarlıq nümunələrindən olan Heydər Əliyev Mərkəzi, Alov qüllələri və UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş İçərişəhərin tarixi əhəmiyyəti işıqlandırılıb. Qız qalası, Şirvanşahlar sarayı və Dənizkənarı Bulvar kimi məkanlar paytaxtın turistləri cəlb edən əsas mərkəzləri olduğuna diqqət çəkilib.

 

Məqalədə qeyd olunub ki, Azərbaycanın paytaxtdan kənarda yerləşən bölgələri də zəngin turizm imkanları ilə seçilir. Xüsusilə, Qəbələnin ilboyu fəaliyyət göstərən istirahət və açıq hava turizmi mərkəzi olduğu vurğulanıb. Burada yay aylarında yürüş, paraplan və digər aktiv istirahət növləri, qış mövsümündə isə xizək və snoubord imkanlarının mövcud olduğu bildirilib. Eyni zamanda, bölgədə fəaliyyət göstərən müasir hotellər, spa mərkəzləri və sağlamlıq turizmi obyektləri haqqında məlumat verilib.

 

Həmçinin, məqalədə Azərbaycanın şimal-qərbində yerləşən Şəki şəhərinin tarixi və mədəni əhəmiyyəti xüsusi vurğulanıb. UNESCO tərəfindən tanınan şəhərin memarlıq irsi, Şəki xan sarayı, karvansaralar və sənətkarlıq ənənələri təqdim olunub. Şəhərin İpək Yolu üzərində yerləşməsi, qədim ticarət və sənətkarlıq mərkəzi kimi rolu qeyd edilib.

 

Eyni zamanda, materialda Azərbaycanın coğrafi mövqeyi və mədəni xüsusiyyətləri kontekstində ölkənin Şərq və Qərb arasında körpü rolunu oynadığı bildirilib. Türkmənistandan gələn turistlər üçün ortaq mədəni dəyərlər, qonaqpərvərlik ənənələri, halal qida imkanları və sadələşdirilmiş viza prosedurları xüsusi olaraq vurğulanıb. Elektron viza sisteminin mövcudluğu və beynəlxalq nəqliyyat bağlantıları vasitəsilə ölkəyə asan giriş imkanlarının olduğu qeyd edilib.

 

Bununla yanaşı, materialda Azərbaycanın sağlamlıq turizmi imkanlarına da diqqət yetirilib. Xüsusilə, Naftalan bölgəsinin müalicəvi neft əsasında formalaşmış kurort kimi tanındığı, müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan xidmətlərin təqdim edildiyi qeyd olunub.

 

Eləcə də, ölkədə ailəvi turizm imkanlarının da geniş olduğu vurğulanıb. Şahdağ Dağ Kurortu qış və yay mövsümlərində müxtəlif istirahət və idman fəaliyyətləri ilə seçilən məkan olduğu qeyd edilib. Qobustan Milli Parkında yerləşən və iyirmi min il yaşı olan qayaüstü rəsmlər və palçıq vulkanları regionun tarixi və təbii əhəmiyyətini əks etdirən əsas turistik məkanlar olaraq qeyd edilib.

 

Ümumilikdə, materialda qeyd edilib ki, Azərbaycan fəsillərdən asılı olmayaraq ziyarət üçün əlverişli, zəngin və müxtəlif turizm istiqamətlərini özündə ehtiva edir.

 

Məqalənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti