news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 yanvar 2026

20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq və milli qürur salnaməsi

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən 36 il keçir. 36 il bundan öncə yanvarın 19-dan 20-sinə keçən gecə Azərbaycan xalqının milli azadlıq hərəkatının yatırılması məqsədilə, keçmiş SSRİ rəhbərliyi tərəfindən dinc əhaliyə qarşı törədilən qanlı faciənin ildönümü hər il ölkəmizdə 20 Yanvar – Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

 

Müasir tariximizin dərin kədər, eyni zamanda böyük qürur tarixi olan 20 Yanvar–Ümumxalq Hüzn Günündə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Azərbaycan Şəhidlərini dərin minnətdarlıqla yad edirik.

 

Azərbaycanda milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə, məhz 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet Ordusu bölmələri tərəfindən Bakı və ölkənin digər şəhərlərində dinc əhaliyə qarşı faciə törədildi. Nəticədə 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü.

 

Dövrün mürəkkəbliyinə, keçmiş sovet hakimiyyətinin 20 Yanvar həqiqətlərinin yayılmasının qarşısını almaq istiqamətində gördüyü tədbirlərə baxmayaraq, törədilmiş amansız qətliamın dərhal, faciədən bir gün sonra beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Hadisədən dərhal sonra 21 yanvar 1990-cı il tarixində Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı faciəni pisləyən bəyanatla çıxış etdi və informasiya blokadasını qırmağa, dünya ictimaiyyətini baş verən hadisələr barədə həqiqətləri çatdırmağa müvəffəq oldu.

 

Qürurla qeyd olunmalıdır ki, 20 Yanvar faciəsi Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Azərbaycan xalqı azadlıq uğrundakı mübarizə ənənələrinə sadiq olduğunu göstərdi. Canlarından keçmiş vətən övladları o qanlı gündə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Azərbaycan tarixinə faciə ilə yanaşı, milli qürur günü kimi həkk olan 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı.

 

Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildi və “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu, 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.

 

Hazırda Azərbaycanın üç rəngli bayrağı ölkənin bütün suveren ərazilərində dalğalanır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə həm müasir Azərbaycan tarixində şərəfli bir dövr başladı, həm də ölkənin azadlığı, müstəqilliyi, eləcə də ərazi bütövlüyü uğrunda 36 il əvvəl - 1990-cı ilin qanlı 20 Yanvar hadisələri zamanı şəhid olmuş Vətən övladlarının ruhu şad oldu.

 

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü ölkə miqyasında izdihamlı ziyarətlərlə müşayiət olunur, Azərbaycan xalqı Şəhidlər Xiyabanını ziyarət edir, onları qürurla anır və minnətdarlıqla yad edir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti