AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ AŞQABADDA KEÇİRİLƏN MDB ÜZV DÖVLƏTLƏRİNİN DƏMİR YOLU NƏQLİYYATI ŞURASININ İCLASINDA İŞTİRAK EDİB
Aşqabadda Müstəqil Dövlətlər Birliyi (MDB) üzv dövlətlərinin Dəmir Yolu Nəqliyyatı Şurasının 84-cü iclası keçirilib. İclasda MDB ölkələrinin dəmir yolu idarələrinin rəhbərləri, mütəxəssisləri və sahə üzrə ekspertlər iştirak ediblər. Tədbirdə ölkəmizi "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müavini Nicat Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbirdə regionda nəqliyyat sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, qarşılıqlı əlaqələrin gücləndirilməsi və nəqliyyat infrastrukturunun inkişafı istiqamətində müzakirələr aparılıb. Həmçinin qlobal miqyasda dəmir yolu nəqliyyatı ilə bağlı müasir yanaşmalar, yeniliklər və təcrübələr nəzərdən keçirilib.