Azərbaycan Respublikasının Prezidenti Aşqabadda Olimpiya Kompleksi ilə tanış olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Aşqabadda Olimpiya Kompleksi ilə tanış olub.
2017-ci ildə Aşqabadda keçirilən qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının ən əsas idman obyektləri bu kompleksin ərazisində yerləşir.
Ümumi ərazisi 157 hektar olan Olimpiya Kompleksində qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının açılış və bağlanış mərasimləri, bütün yarışlar, o cümlədən mükafatlandırma tədbirləri təşkil olunub. Kompleksdə ümumilikdə 30-dan çox müxtəlif təyinatlı idman qurğusu, həmçinin 45 min tamaşaçı tutumu olan Olimpiya stadionu, paralimpiya kompleksi və tibbi bərpa mərkəzi yerləşir.
Ərazidə, eyni zamanda, üzgüçülük arenası, voleybol, basketbol, futbol meydançaları, Olimpiya kəndi, qapalı velotrek, döyüş sənəti üzrə idman kompleksi, yüngül atletika arenası və tennis kortu, eləcə də idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün çoxfunksiyalı zal inşa olunub.
Aşqabad Olimpiya Kompleksində, həmçinin biznes-mərkəz, mehmanxanalar və sağlamlıq mərkəzi də fəaliyyət göstərir.