Azərbaycan Respublikasının Prezidenti Türkmənistan Nazirlər Kabineti sədrinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Respublikası Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevi qəbul edib.
Prezident İlham Əliyev qeyd etdi ki, dövlət başçılarının qarşılıqlı səfərləri, eləcə də beynəlxalq tədbirlər çərçivəsində mütəmadi görüşləri ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayır. Dövlətimizin başçısı, eyni zamanda, bildirdi ki, müvafiq strukturların rəhbərlərinin görüşləri də əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verir. Prezident İlham Əliyev bu yaxınlarda Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovun ölkəmizə səfəri zamanı ikitərəfli münasibətlərimizin müxtəlif aspektlərinin müzakirə edildiyini dedi. Dövlətimizin başçısı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevın böyük nümayəndə heyəti ilə ölkəmizə səfərindən məmnunluğunu ifadə etdi, bu səfərin dostluq və qardaşlıq əlaqələrimizin möhkəmlənməsi, əməkdaşlığımızın daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi.
Məmmetxan Çakıyev, ilk növbədə, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı. O, hökumətlərarası səviyyədə birgə fəaliyyətin həyata keçirilməsi üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Görüşdə ölkələrimizin əlverişli coğrafi mövqedə yerləşməsinin önəmi qeyd olundu, həm Azərbaycanda, həm də Türkmənistanda ən müasir nəqliyyat infrastrukturunun yaradıldığı vurğulanaraq nəqliyyat, tranzit, logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu bildirildi, ölkələrimizin ixracat imkanları və tranzit yüklərin daşınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Türkmənistan Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qurbanqulu Berdiməhəmmədova çatdırmağı xahiş etdi.