2019-05-09
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Türkmənistanın Dövlət Gömrük Xidməti sədrinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Mayın 9-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ölkəmizdə səfərdə olan Türkmənistan Dövlət Gömrük Xidməti sədrinin müavini Dövlət Bayruyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan Səfər Mehdiyev iki ölkə arasında dostluq münasibətlərindən, müxtəlif sahələrdəki işgüzar əlaqələrdən söhbət açıb, qarşılıqlı əlaqələrin səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıb.

Komitə sədri son illərdə Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi gömrük sistemində aparılan islahatlardan bəhs edib, tədbiq edilən yeniliklərin gömrük işinin səmərəliliyinin artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirilməsi, şəffaflığın təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

O da qeyd edilib ki, coğrafi baxımdan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşməsi Azərbaycanın beynəlxalq ticarətdəki rolunu daha da artırır və bu baxımdan ölkəmiz, xüsusilə region dövlətləri ilə bütün sahələrdə olduğu kimi gömrük işinin təşkili istiqamətində də səmərəli və işgüzar münasibətlərin qurulmasına önəm verir. Komitə sədri nəqliyyat-tranzit dəhlizlərinin inkişaf etdirilməsi istiqamətində Azərbaycanla-Türkmənistan arasında mövcud əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, iki ölkənin gömrük orqanlarının qarşılıqlı olaraq qabaqcıl təcrübə və məlumat mübadiləsinini gücləndirəcəyinə əminliyini ifadə edib.

Türkmənistan Dövlət Gömrük Xidməti sədrinin müavini Dövlət Bayruyev ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini deyib. Qonaq bugünkü görüşün də əlaqələrin möhkəmlənməsi, xüsusilə gömrük sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımdan mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

növbəti xəbər əvvəlki xəbər