2019-11-04
Azərbaycan Milli Məclisinin sədri Türkmənistan Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Noyabrın 4-də Milli Məclisin Sədri Oqtay Əsədov Türkmənistan Məclisinin Sədri xanım Gülşat Məmmədovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Görüşdə spiker ümidvar olduğunu bildirdi ki, bu rəsmi səfər ölkələrimiz arasında münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə mühüm töhfəsini verəcək. Qeyd edildi ki, oxşar mədəniyyəti, adət-əngləri bölüşən xalqlarımızın dostluğunun qədim tarixi kökləri vardır. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar əlaqələrimizin inkişafında mühüm rol oynamışdır. Bu günədək ölkələrimiz arasında 90 sənəd imzalanmışdır.

Yüksək səviyyəli siyasi münasibətlər iqtisadi sahəyə də öz müsbət təsirini göstərir. 2018-ci ildə Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 133 milyon ABŞ dolları həcmində olmuşdur. Cari ilin 9 ayı ərzində isə bu rəqəm 163 milyona çatmışdır. Bu gün Azərbaycan qlobal miqyaslı neft və qaz layihələrinin reallaşmasında, müasir nəqliyyat infrastrukturunun yaradılmasında fəal iştirak edir. Bu sahələrdə əməkdaşlığımız üçün geniş imkanlar vardır. Ələtdə yeni Bakı dəniz limanının fəaliyyəti, Azərbaycanın iştirakı ilə Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər fikrimizin sübutdur. Spiker qeyd etdi ki, parlamentlər səviyyəsində əlaqələrimizin dərinləşməsi dövlətlərarası münasibətlərə də öz təsirini göstərir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqrir edirik. Deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində mütəmadi görüşlərini müsbət dəyərləndiririk.

Səmimi qəbul üçün minnətdarlığını bildirən xanım Gülşat Məmmədova ölkəmizə səfərinin və burada keçirilən görüşlərin ümumi məqsədlərə xidmət edəcəyinə inamını ifadə etdi. Qonaq səfər çərçivəsində gördüklərindən və Milli Məclisdə olmağından məmnun qaldığını söylədi. Bildirildi ki, Türkmənistan Azərbaycanla siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələri genişləndirmək niyyətindədir. Deputatların qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından önəmlidir.

Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Görüşdə Milli Məclis Sədrinin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkmənistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Dilarə Cəbrayılova, hər iki ölkə səfirləri Həsən Zeynalov, Məkan İşanquliyev və digər rəsmi şəxslər iştirak edirdilər.

növbəti xəbər əvvəlki xəbər