2019-10-15
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib

Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib.

Əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Zirvə Görüşünü açan Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV dövlət və hökumət başçılarını salamlayaraq dedi:

-Hörmətli Nursultan Abişeviç. Hörmətli dövlət və hökumət başçıları. Mən sizin hamınızı səmimiyyətlə salamlayır və Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm.

Qırğız Respublikasının Prezidenti Sooronbay Şaripoviç Jeenbekova ötən dövr ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurlu sədrliyinə görə minnətdarlığımı bildirirəm. Qazaxıstanın birinci Prezidenti, bizim ağsaqqalımız Nursultan Abişeviç Nazarbayev Türk Şurasının fəxri sədri statusunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edir. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü və Türk Şurasının üzv ölkələrinin prezidentlərinin birgə qərarı ilə hörmətli Nursultan Abişeviçə Türk Şurasının fəxri sədri adı verilmişdir. Nursultan Nazarbayevin türk dünyasında əlaqələrin inkişafı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasında böyük xidmətləri vardır.

Özbəkistan Respublikasını Türk Şurasına üzv olması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hörmətli Şavkat Miromonoviç Mirziyoyevə bu müdrik qərarına görə təşəkkür edirəm. Özbəkistanın bu qərarı türk dünyasında birlik və həmrəyliyin daha da güclənməsinə, əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcək.

Macarıstanın Türk Şurası ilə əməkdaşlığının genişlənməsi məmnunluq doğurur. Burada Macarıstanın Baş Naziri cənab Viktor Orbanın şəxsən rolunu xüsusi qeyd etmək istərdim. Ötən ay Budapeştdə Türk Şurasının nümayəndəliyinin ofisi fəaliyyətə başlayıb. Ümidvaram ki, bu ofis Şuranın Avropa ölkələri və regional təşkilatlarla əlaqələrinin inkişafına təkan verəcək.

İndi isə sözü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının hazırkı sədri qismində Qırğız Respublikasının Prezidenti Sooronbay Şərifoviç Jeenbekova verirəm.

Qırğızıstan dövlətinin başçısı görüşdə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Təşəkkür edirəm, hörmətli Sooronbay Şaripoviç.

Hörmətli həmkarlar.

Qırğızıstandan Türk Şurasına sədrliyi qəbul edən Azərbaycan bu müddət ərzində ölkələrimiz arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcəkdir. Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Türk Şurasının VII Zirvə Görüşü Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf edir. 2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir.

Ötən on il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib. Şura ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayır. Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır.

Mənim Sərəncamımla 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunub. Bu günlərdə növbəti Nəsimi festivalı təntənəli şəkildə keçirilib. Təqdirəlayiq haldır ki, TÜRKSOY dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə 2019-cu ili “Nəsimi ili” elan edib.

Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyətimiz xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir.

Zirvə görüşlərimiz ənənəvi olaraq əməkdaşlığımızın müxtəlif sahələrini əhatə edən mövzulara həsr olunur. Builki tədbirimizin “Kiçik və orta sahibkarlığın inkişafı” adlanan mövzusu mühüm aktuallıq kəsb edir. 2017-ci ildə Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılmasında məqsəd kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsidir. Ölkə daxilində və xaricində geniş fəaliyyət imkanlarına malik güclü sahibkarlar sinfi formalaşıb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək 36 min sahibkara 1,4 milyard ABŞ dolları həcmində güzəştli kredit ayrılıb. 2018-ci ildə özəl sektorun ölkəmizin ümumi daxili məhsulunda payı 85 faiz təşkil edir.

Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb. Ölkəyə 270 milyard dollardan çox sərmayə qoyulub ki, bunun yarısı xarici sərmayədir. Azərbaycan xarici borcu az olan dövlətdir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik.

İqtisadi sahədə aparılmış islahatlar beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Belə ki, Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayəsi 15 milyard ABŞ dolları, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyulan sərmayəsi isə 12 milyard ABŞ dolları təşkil edir.

Tarixən qədim İpək Yolunun üzərində yerləşən ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq təbii ki, əsas istiqamətlərdən biridir. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş Bakı-Tbilisi–Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına bizim müştərək töhfəmizdir. Bakı Beynəlxalq Dəniz Limanı 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malikdir. Ehtiyac olduğu təqdirdə limanın yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteynerə kimi artırıla bilər. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. 2018-ci ildə türkdilli ölkələrdən 8 milyon ton yük Azərbaycan vasitəsilə daşınıb.

Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Azərbaycan bu sahədə də öz imkanlarını təqdim edir. Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir.

Biz ölkələrimizə xaricdən turistlərin cəlb edilməsi və ölkələrimiz arasında turist axınını təşviq etmək üçün səylərimizi artırmalıyıq. 2019-cu ilin doqquz ayında Azərbaycana, ümumilikdə, 2 milyon 400 min turist səfər edib ki, onlardan 330 mini türkdilli ölkələrin payına düşür. 2018-ci ilin eyni dövründə isə bu rəqəm 285 min idi.

Ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənir. Ötən ay Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 22-ci iclası Bakıda keçirilib. Ölkələrimizin təhlükəsizliyinin möhkəmləndirilməsi və regional sabitliyin təmin olunması baxımından bu sahədə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

Bildiyiniz kimi, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur. Ermənistan 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidlərimiz dağıdılıb və məhv edilib.

Ermənistan çalışır ki, müsəlman ölkələri ilə sıx əməkdaşlıq qursun. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir.

Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilib. Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və tam çıxarılması birmənalı olaraq tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar buna oxşar qərar və qətnamələr qəbul ediblər. Ermənistan bu qətnamə və qərarların tələblərinə məhəl qoymur, beynəlxalq hüquqi öhdəliklərinin icrasından boyun qaçırır.

Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin yekun bəyanatlarında da dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək davamlı olaraq təsbit edilir. Fürsətdən istifadə edərək, mən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini dəstəkləyən tərəfdaşlarımıza təşəkkür edirəm.

Azərbaycan bu gündən Türk Şurasına sədrliyi öz üzərinə götürür. Sizi əmin edirəm ki, Azərbaycan təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək.

Diqqətinizə görə təşəkkür edirəm.

Sonra Prezident İlham Əliyev Türk Şurasının təsis etdiyi Türk Dünyasının Ali Ordenini Nursultan Nazarbayevə təqdim etdi.

Bundan sonra Qazaxıstanın birinci Prezidenti və Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş Naziri Viktor Orban, Türk Şurasının Baş katibi Bağdad Amreyev və Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Pürli Ağamuradov görüşdə çıxış etdilər.

Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Purli Aqamuradovun çıxışı

-Cənab sədr, hörmətli dövlət başçıları, xanımlar və cənablar.

İlk növbədə, hörmətli Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istərdim. Mən Türkmənistan Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədovun salamlarını sizə çatdırıram.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə fəxri qonaq qismində iştirak etmək üçün dəvətə və nümayəndə heyətimizə göstərilən səmimi qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirmək istəyirəm.

Hörmətli görüş iştirakçıları. Bizi ümumi tarix birləşdirir. Xalqlarımız və ölkələrimiz arasındakı əlaqələr möhkəmdir və ümumi tarixə, mədəni-mənəvi dəyərlərə söykənir. Xalqlarımızın bir çox ortaq dəyərləri var. Əməkdaşlığımızın müsbət dinamikasını qeyd etmək olduqca vacibdir. Bugünkü görüş bizim üçün vacib hadisədir. Deməli, bizə ümumi dil tapmaq daha asandır. Türkmənistan xarici siyasətinin əsas istiqamətlərindən biri mədəni diplomatiyadır. Multimodal logistik habların yaradılması da vacib məqamlardandır. Türkmənistan Mərkəzi Asiya, Xəzər dənizi və Yaxın Şərqdən Avropaya və digər qitələrə çıxış dəhlizinin yaradılmasına tərəfdardır. Türkmənistan həmin sahədə çox ciddi əməkdaşlığı dəstəkləyir. Dahi şəxsiyyətlərimiz bizim fəxrimizdir və beynəlxalq arenada dəyərlərimizin təşviqinə xidmət edir. Düşünürəm ki, XXI əsrin nailiyyətləri xalqlarımız tərəfindən sülh məqsədlərinin təbliği üçün istifadə olunmalıdır.

Hörmətli dövlət başçıları. Ümid edirəm ki, VII Zirvə Görüşü daha sıx əməkdaşlığa və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə gətirib çıxaracaq. Təşəkkür edirəm.

Prezident İlham ƏIiyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə növbəti görüşün Türkiyədə keçiriləcəyini elan etdi. Sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün sənədləri imzalandı.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə yekun vuran Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli dövlət və hökumət başçıları. Əziz dostlar.

Artıq imzalanma mərasimi başa çatmışdır. Zirvə Görüşümüz də yekunlaşır. Bir daha nümayəndə heyətlərinin başçılarına, bütün qonaqlara bu Zirvə Görüşündə iştirak etdiklərinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Özbəkistanın tamhüquqlu üzv dövlət kimi Türk Şurasına qoşulması çox əlamətdar addımdır, Türk Şurasının coğrafiyasını genişləndirir və gücümüzü artırır. Macarıstanda Şuranın nümayəndəliyinin ofisinin açılması Avropa dövlətləri və təsisatları ilə daha sıx əməkdaşlıq üçün yeni imkanlar açır. Bu gün çıxışlarda səslənən dəyərli fikirlər əminəm ki, bizim işimizi zənginləşdirəcək və bu təkliflərin reallaşması əməkdaşlığımızın keyfiyyətcə yeni pilləyə qalxmasına imkan yaradacaqdır.

Azərbaycan bu gündən Şuraya sədrliyi öz üzərinə götürür. Sizi əmin etmək istəyirəm, biz var gücümüzlə çalışacağıq ki, növbəti bir il ərzində təşkilatımız daha da güclənsin və qarşıda duran bütün vəzifələr uğurla icra edilsin. Bir daha sizə dərin hörmət və ehtiramımı bildirirəm. Beləliklə, bizim toplantımız başa çatır. Sağ olun.

Sonra Prezident İlham Əliyevin adından Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verildi. Daha sonra konsert proqramı oldu.

növbəti xəbər əvvəlki xəbər