2018-12-05
Azərbaycan Respublikasının Prezidenti Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenayın etimadnaməsini qəbul etmişdir. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etmişdir.

Dövlətimizin başçısı Azərbaycanla Əfqanıstan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə dəfələrlə görüşdüyünü məmnunluqla xatırlamışdır. Prezident İlham Əliyev iki ölkənin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini bildirmiş, ölkələrimizin iqtisadi, humanitar və digər sahələrdə də əməkdaşlıq etdiyini vurğulayaraq, Azərbaycanın Əfqanıstanda sülhün və sabitliyin təmin olunması işinə töhfə verdiyini və Əfqanıstanda xidmət edən Azərbaycan hərbi qulluqçularının sayının artırıldığını qeyd etmişdir. Əfqanıstanda sülhün və təhlükəsizliyin bütün region üçün vacib olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın “ASAN xidmət” təcrübəsinin bu ölkədə uğurla tətbiq olunmasının önəmini qeyd etmişdir. Prezident İlham Əliyev ölkəmizdə yaradılmış müasir nəqliyyat infrastrukturu imkanlarına toxunaraq, Əfqanıstanın da Şərq-Qərb marşrutu üzrə Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə birləşdirən dəmir yolu layihələrindən faydalana biləcəyini bildirmişdir.

Səfir Xeyrullah Spelenay Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarını dövlətimizin başçısına çatdırmışdır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu olduğunu qeyd edən səfir Azərbaycanla Əfqanıstan arasında ənənəvi dostluğun daha da inkişaf etdirilməsi üçün səylə çalışacağını diqqətə çatdırmışdır. Səfir Azərbaycanın Əfqanıstanda sülhə və təhlükəsizliyə verdiyi töhfəsinə və ikitərəfli əsasda ölkəsinə müxtəlif sahələrdə göstərdiyi dəstəyinə görə minnətdarlığını bildirmişdir. O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın uğurlu inkişaf yolu keçdiyini qeyd edərək, ölkəmizin inkişaf təcrübəsinin Əfqanıstan üçün xüsusilə vacib olduğunu demişdir. Xeyrullah Spelenay Əfqanıstanın Şərq-Qərb marşrutu üzrə Azərbaycanın nəqliyyat imkanlarından istifadə edərək, yükdaşımaların həyata keçirilməsində ölkəsinin maraqlı olduğunu vurğulamışdır.

Dövlətimizin başçısı Prezident Məhəmməd Əşrəf Qaninin salamlarına görə minnətdarlığını bildirmiş, onun da salamlarının Əfqanıstanın dövlət başçısına çatdırılmasını xahiş etmişdir.

növbəti xəbər əvvəlki xəbər