2018-12-12
Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirə gününə həsr olunmuş tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirə gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Səfirlik əməkdaşları, Türkmənistanda yaşayan soydaşlarımız və ictimaiyyət nümayəndələri iştirak etmişdirlər.

Tədbirdə çıxış edən Səfir, Ümummilli lider Heydər Əliyevin həyatı haqqında məlumat vermiş, keçdiyi mürəkkəb siyasi ömür yolu, xalqımız və dövlətimiz qarşısında xidmətləri, mübariz xarakteri, siyasi uzaqgörənliyi haqqında ətraflı məlumat vermişdir. Müasir Azərbaycan dövlətinin müstəqilliyinin qorunub-saxlanılmasında Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edən Səfir, onun həyatının hər bir mərhələsinin ətraflı öyrənilməsinin və gənc nəsillərə çatdırılmasının vacibliyini qeyd etmişdir. Səfir, bunun gənc nəsillərin Azərbaycanın yeni tarixinin dərindən öyrənilməsi, həmin dövrlərdə ölkəmizin hansı təhlükələrlə üzləşdiyini, Heydər Əliyevin zəkası, zəhməti və fəda­karlığı ilə bu təhlükələrdən necə xilas olduğunu bilməsi, eləcə də onun həyat yolunu, amalını özünə nümunə götürə bilməsi cəhətdən əhəmiyyətindən bəhs etmişdir.

Səfir daha sonra Heydər Əliyevlə bağlı şəxsi xatirələrini, onun fenomenal insani xüsusiyyətləri haqqında maraqlı və nümunəvi hadisələr danışmışdır. Heydər Əliyevlə Naxçıvana rəhbərlik edərkən olan əlaqələrinin, eləcə də Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra olan təmaslarının həyatının ən yaddaqalan xatirələri olduğunu diqqətə çatdırmışdır. Səfir, Heydər Əliyevin xatirəsinin Azərbaycan xalqının yaddaşında həmişə yaşayacağını, onun hər zaman minnətdarlıqla anılacağını bildirmişdir.

Daha sonra digər tədbir iştirakçıları çıxış edərək ürək sözlərini bildirmiş, Heydər Əliyevin xalqımızın, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın taleyindəki əvəzsiz rolundan danışmışlar. Hələ sovet hakimiyyəti illərində azərbaycanlı gənclərin müttəfiq respublikaların ən yaxşı ali təhsil müəssisələrində təhsil almaq üçün göndərilməsinin, onların ən yaxşı yerlərə təyinat alıb işləmələrinin məhz Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi olduğu bildirilmişdir. Azərbaycanlıların bir çoxunun keçmiş ittifaqda məhz Heydər Əliyevin atdığı addımların nəticəsində yüksək vəzifələr, əhəmiyyətli postlar tutduqları qeyd olunmuşdur.

Çıxışlardan sonra tədbir iştirakçıları Ümummilli liderin həyatından bəhs edən bədii-sənədli filmə tamaşa etmişdirlər.

növbəti xəbər əvvəlki xəbər