2018-06-15
Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində Azərbaycan xalqının milli qurtuluş günü münasibətilə tədbir keçirilmişdir

 

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində Azərbaycan xalqının milli qurtuluş günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Səfirliyin əməkdaşları, Aşqabadda yaşayan soydaşlarımız və ictimaiyyət nümayəndələri iştirak etmişdirlər.

Tədbiri giriş sözü ilə açan Səfir Həsən Zeynalov, qeyd olunan günün tarixi əhəmiyyəti, 1993-cü ilin iyun ayında Azərbaycandakı acınacaqlı ictimai-siyasi və hərbi vəziyyət, dövlət idarəçiliyinin tamamilə itirilməsi, vətəndaş qarşıdurması, silahlı qiyam, ölkənin parçalanma dərəcəsinə çatması, xalqla iqtidarda olan qüvvələr arasında yaranmış keçilməz uçurum haqqında geniş məlumat vermiş, həmçinin özünün o dövrdə yaranmış vəziyyət haqqında mülahizələrini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Vəziyyətdən çıxış yolunun yalnız Heydər Əliyevin hakimiyyətə gəlməsində, baş verənlərin qarşısının alınması üçün hadisələrə birbaşa müdaxilə etməsində görən xalqımızın onu yenidən siyasi hakimiyyətdə təmsil olunması üçün Bakıya dəvət etdiyini bildirən Səfir, Heydər Əliyevin məhz xalqın çağırışını nəzərə alaraq, onu ağır vəziyyətdən çıxarmaq üçün əlindən gələni etmək naminə Bakıya gəldiyini qeyd etmişdir. Bakıya gələr-gəlməz Heydər Əliyevə yüksək vəzifə təklif edilsə də o, ilk növbədə vətəndaş qarşıdurmasının baş verdiyi Gəncəyə gedərək vəziyyətlə tanış olduğunu bildirən Səfir, yalnız ölkədəki vəziyyəti sabitləşdirmək və xalqı ağır durumdan çıxarmaq üçün Heydər Əliyevin Ali Sovetin sədri seçilməyə razılıq verdiyini vurğulamışdır.

Heydər Əliyevin uzaqgörən, uzlaşdırıcı, eyni zamanda milli maraqlara söykənən siyasətinin və qətiyyətli addımlarının sayəsində dövlətimizin və xalqımızın parçalanma və tarix səhnəsindən silinmək təhlükəsindən qurtulduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran Səfir, məhz bu səbəbdən xalqımızın bu günü Milli qurtuluş günü kimi qeyd etdiyini, bu günü ona bəxş edən dahi oğlu Heydər Əliyevi minnətdarlıqla andığını, daim qəlbində yaşatdığını bildirmişdir.

Səfir həmçinin, həmin günlərdə Heydər Əliyevlə bağlı şəxsi xatirələrindən söhbət açmış, onun insani xüsusiyyətləri haqqında yadda qalan, maraqlı hadisələr danışmışdır.

Daha sonra tədbirdə iştirak edən soydaşlarımız söz alaraq çıxış etmiş, həmin dövrü xatırlayaraq, Azərbaycanda baş verənləri ciddi narahatlıqla, nigarançılıqla izlədiklərini, bəzən hadisələrin gedişindən duyduqları ümidsizlikləri ifadə edərək, Heydər Əliyevin Bakıya qayıdışından, hakimiyyətə gəlişindən, hadisələrə müdaxiləsindən sonra yenidən Azərbaycana gələcəyinə olan ümidlərinin dirçəldiyini dilə gətirmişdirlər. Bu günkü çiçəklənən Azərbaycanın Heydər Əliyevin əsəri olduğunu, onun vaxtilə çəkdiyi əziyyətlərin qarşılığı olduğu dönə-dönə vurğulanmışdır.

Çıxışlardan sonra tədbir iştirakçıları 1993-cü ilin iyun hadisələrindən bəhs edən sənədli filmə tamaşa etmişdirlər.

növbəti xəbər əvvəlki xəbər