2018-05-28
Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Respublika günü münasibətilə təntənəli rəsmi qəbul keçirilmiş

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən Aşqabad şəhərinin ən böyük tədbir salonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Respublika günü münasibətilə təntənəli rəsmi qəbul keçirilmiş və ziyafət verilmişdir. Qəbulda və ziyafətdə Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Mıratqeldi Meredov, Türkmənistanın ictimai xadimləri, Türkmənistanda fəaliyyət göstərən xarici ölkə və beynəlxalq təşkilatların diplomatik nümayəndəliklərinin rəhbərləri və burada yaşayan soydaşlarımız iştirak etmişdirlər.

Tədbir Azərbaycanın və Türkmənistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır. Daha sonra Səfir Həsən Zeynalov nitq söyləyərək Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqində yaranmış ilk demokratik, dünyəvi respublika olduğunu, mürəkkəb geosiyasi şəraitdə yarandığını, buna baxmayaraq, dünya ictimaiyyəti tərəfindən tanındığını və beynəlxalq hüququn subyektinə çevrildiyini diqqətə çatdırmışdır. Qısa müddətdə siyasi, iqtisadi, mədəni, təhsil sahəsində böyük islahatların və müdafiə qabiliyyətinin möhkəmləndirilməsinin Respublikanın əsas nailiyyətləri olduğunu bildirən Səfir, bu islahatlar içərisində ən vacibi kimi etnik, dini, cinsi və siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verildiyini qeyd etmişdir. Dövlət aparatının təşkil olunduğunu, sərhədlərin müəyyənləşdirildiyini, dövlət atributlarının təsdiq edildiyini, eləcə də dövlət quruculuğu sahəsində digər ciddi addımların atıldığını diqqətə çatdıran Səfir, Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan xalqının demokratik prinsiplər əsasında özünün milli dövlətini qura bilmək bacarığını ortaya qoyduğunu bildirmişdir.

Müasir Azərbaycan Respublikasının 1991-ci ildə öz müstəqilliyini bərpa edərkən, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi, hüquqi və mənəvi varisi olduğunu bəyan etməsi, eləcə də onun atributlarını özünün dövlət rəmzləri kimi qəbul etməsi, xalqımızın qədim dövlətçilik ənənələrinə sadiqliyini nümayiş etdirdiyini bildirən Səfir, müstəqillik illərində Ümummilli lider Heydər Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətin nəticəsində ölkəmizdə ictimai-siyasi sabitliyin yarandığını, hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması istiqamətində böyük nailiyyətlər qazanıldığını, bazar iqtisadiyyatının formalaşdığını, Azərbaycanın dünya birliyinə inteqrasiya olunduğunu vurğulamışdır.

Bu gün Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qətiyyətlə inkişaf etdiyini qeyd edən Səfir, iqtisadiyyatın və ictimai-siyasi həyatın bütün sahələrində beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilən iri həcmli layihələrin həyata keçirildiyini bildirmişdir. Buna misal olaraq, Azərbaycanın təşəbbüskarı olduğu və reallaşmasında aktiv iştirakçı olduğu Cənub Qaz Dəhlizinin, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri xüsusi qeyd olunmuşdur.

Azərbaycanın çoxsaylı nailiyyətləri ilə yanaşı, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı həll olunmamış probleminin olduğunu bildirən Səfir, dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığını və işğal olunmuş ərazilərin təcili azad edilməsini tələb etdiyini bildirmişdir.

Azərbaycan Respublikası ilə Türkmənistan arasındakı münasibətlərə toxunan Səfir, bu gün Prezident İlham Əliyev və Prezident Qurbanqulu Berdiməhəmmədov tərəfindən ölkələrimiz arasındakı əlaqələrin əsas istiqamətlərinin müəyyən edildiyini, Türkmənistanla əlaqələrin hərtərəfli inkişafının Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirmişdir.

Azərbaycanın və Türkmənistanın regionda iri iqtisadi layihələrin təşəbbüskarı olduğunu qeyd edən Səfir, ölkələrimizin Böyük İpək Yolunun bərpasında və gələcək inkişafında aktiv iştirak etdiklərini diqqətə çatdırmışdır. Müasir nəqliyyat infrastrukturunun yaradılmasının, o cümlədən bir qədər əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun və Azərbaycanda və Türkmənistanda beynəlxalq dəniz limanlarının açılışının bu istiqamətdə əməkdaşlığın inkişafına güclü təkan olacağı vurğulanmışdır.

Türkmənistan Prezidentinin keçən ilin avqust ayında Azərbaycana səfəri zamanı aparılan müzakirələrin və imzalanan sənədlərin ikitərəfli əlaqələrin inkişafında yeni səhifə açdığını qeyd edən Səfir, bu əlaqələrin gələcək inkişafına inamını ifadə etmiş, qəbulda iştiraka görə qonaqlara təşəkkürünü bildirmişdir.

Daha sonra çıxış edən Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Mıratqeldi Meredov Türkmənistanın Prezidenti, hökuməti və xalqı adından Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Respublika günü münasibətilə qardaş Azərbaycan xalqını təbrik etmiş, xalqımıza sülh, inkişaf və uğurlar arzu etmişdir.

Türkmənistan hökumətinin, eləcə də şəxsən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Türkmənistan-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verdiyini deyən Mıratqeldi Meredov, hazırda iki ölkə arasında siyasi, iqtisadi, energetika və sərmayə qoyuluşu sahəsində əlaqələrin üstünlük təşkil etdiyini, əlaqələrimizin dostluq və qardaşlıq, qarşılıqlı hörmət, eləcə də xalqlarımızın ənənlərinə layiq səviyyədə qurulduğunu diqqətə çatdırmışdır.

Mövcud siyasi əlaqələrin, eləcə də yüksək səviyyədə keçirilən müzakirələrin türkmən-azərbaycan münasibətlərinin möhkəm təmələ söykəndiyinin göstəricisi olduğunu qeyd edən qonaq, buna keçən ilin avqust ayında gerçəkləşmiş Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfərinin bariz misal olduğunu bildirmişdir. Türkmən tərəfinin bu səfərə dövlətlərarası əlaqələrin tarixində mühüm hadisə, ikitərəfli əlaqələrin genişlənməsi yolunda böyük addım hesab etdiyini diqqətə çatdıran M.Meredov, səfər çərçivəsində dövlət başçıları tərəfindən imzalanmış Strateji əməkdaşlıq haqqında bəyannamənin əlaqələrimizin səviyyəsinin göstəricisi olduğunu qeyd etmişdir.

Yanacaq-energetika potensiallarının və coğrafi mövqelərinin iki ölkə arasında həm energetika, həm də nəqliyyat sahəsində yaxın əməkdaşlıq etmələri üçün böyük imkanlar açdığını bildirən qonaq, enerji ehtiyatlarının istismarında, dünya bazarlarına etibarlı və təhlükəsiz çatdırılmasında, nəqliyyat dəhlizlərinin şaxələndirilməsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkmişdir. Ölkələrimizin Avropanı və Asiyanı birləşdirən vacib həlqələr olduğu ifadə edilmiş və bir neçə gün əvvəl açılışı olmuş Türkmənbaşı beynəlxalq dəniz limanının iki ölkə arasında nəqliyyatın inkişafına böyük töhfə verəcəyi vurğulanmışdır.

Ölkələrimiz arasındakı əlaqələrin xalqlarımızın çoxəsrlik dostluq, qardaşlıq münasibətlərinə və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə söykəndiyini bildirən M.Meredov, Türkmənistanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu, azərbaycanlı tərəfdaşları türkmən iqtisadiyyatının inkişafında iştirak etməyə dəvət etdiklərini, eləcə də əməkdaşlığı davam etdirmək və genişləndirmək məqsədində olduqlarını diqqətə çatdırmışdır.

Sonda bir daha Türkmənistan hökumətinin, xalqının adından və öz adından dost Azərbaycan xalqını Azərbaycan Xalq Cümhuriyyətinin şanlı 100 illik yubileyi münasibəti ilə təbrik edən qonaq, Azərbaycan xalqına sülh, əmin-amanlıq, xoşbəxtlik və inkişaf arzu etmişdir.

Çıxışlardan sonra qonaqlara ziyafət verilmişdir. Ziyafətdə Azərbaycandan gəlmiş incəsənət xadimləri milli musiqi nümunələri ilə çıxış etmişlər. Tədbir zamanı Üzeyir Hacıbəyovun və Qara Qarayevin əsərlərindən nümunələr səsləndirilmişdir. İncəsənət xadimlərinin çıxışları böyük hərarətlə qarşılanmışdır.

növbəti xəbər əvvəlki xəbər