2018-05-09
Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilmişdir

Azərbaycanın Türkmənistandakı Səfirliyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Səfirliyin əməkdaşları və ailə üzvləri, Aşqabadda yaşayan soydaşlarımız və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Səfir Həsən Zeynalov, Ümummilli lider Heydər Əliyevin həyatı, keçdiyi ömür yolu, siyasi fəaliyyəti, xalqımız və dövlətimiz qarşısında xidmətləri, qarşılaşdığı çətinliklər, siyasi uzaqgörənliyi, şəxsi xarakteri haqqında ətraflı məlumat vermişdir. Müasir Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında Heydər Əliyevin xidmətlərindən bəhs edən Səfir, onun həyatının ayrı-ayrı dövrlərinin tədqiq edilməsinin, bu barədə əsərlərin yazılmasının və filmlərin çəkilməsinin vacibliyini vurğulamışdır. Səfir, bu əsərlərin gənc nəslin Azərbaycanın ən yeni tarixində nələrin baş verdiyini, həmin dövrlərdə ölkəmizin hansı təhlükələrlə üzləşdiyini bilməsi, Heydər Əliyevin zəkası və fədakarlığı ilə bu təhlükələrdən necə xilas olduğunu anlaması, eləcə də onun həyat yolunu, amalını özünə nümunə götürə bilməsi cəhətdən əhəmiyyətindən bəhs etmişdir.

Heydər Əliyevin fenomenal şəxsiyyət olduğunu bildirən Səfir, onun hər zaman yaradıcı insanlara, gənclərə, ölkəsi üçün faydalı olan şəxslərə, diaspora nümayəndələrinə xüsusi diqqət və qayğı göstərdiyini ifadə etmişdir. Səfir daha sonra Heydər Əliyevlə bağlı şəxsi xatirələrindən söhbət açmış, onun insani xüsusiyyətləri haqqında yadda qalan, maraqlı hadisələr danışmışdır. Səfir, Heydər Əliyevin həm Naxçıvan Ali Məclisinin sədri işlədiyi dövrdə, həm də Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonrakı illərdə olan təmaslarının həyatının unudulmaz xatirələri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Daha sonra tədbir iştirakçıları söz alaraq çıxış etmiş, Heydər Əliyevin xalqımızın, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın taleyində oynadığını əvəzsiz rollardan danışmışlar. Hələ Sovet hakimiyyəti illərində azərbaycanlı gənclərin SSRİ-nin ən yaxşı təhsil müəssisələrində təhsil almaq üçün göndərilməsinin, onların ən yaxşı yerlərə təyinat alıb işləmələrinin Heydər Əliyevin uzaqgörən, məqsədyönlü siyasətinin məhsulu olduğu diqqətə çatdırılmışdır. Azərbaycanlıların keçmiş sovetlər məkanında məhz Heydər Əliyevin düşünülmüş addımlarının nəticəsində yüksək vəzifələr, əhəmiyyətli postlar tutduqları vurğulanmışdır. Heydər Əliyevin qardaş Türkmənistana və türkmən xalqına da hər zaman diqqət və sevgi göstərdiyi, əlaqələrin yüksək səviyyədə olması üçün əlindən gələni etdiyi qeyd olunmuşdur.

Çıxışlardan sonra tədbir iştirakçıları Ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sənədli filmə tamaşa etmişdirlər.

 

növbəti xəbər əvvəlki xəbər