2018-03-31
Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində həmvətənlərimizin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Səfirliyin əməkdaşları, Türkmənistanda yaşayan həmvətənlərimiz və ictimaiyyət nümayən­dələri iştirak etmişdir. Tədbir soyqırım qurbanlarının xatirəsinin anılması ilə başlanmışdır.

Tədbirdə çıxış edən Səfir Həsən Zeynalov bu günün mahiyyəti haqqında ətraflı məlumat vermişdir. XIX əsrin əvvəlində imzalanmış Gülüstan və Türkmənçay müqavilələrinin Azərbaycan torpaqlarının bölünməsinin əsasını qoyduğunu bildirən Səfir, Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi soyqırımın başlandığını diqqətə çatdırmışdır.

Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər öz havadarlarının himayəsi altında «Böyük Ermənistan» ideyalarını təbliğ etməyə başlamışdırlar. Bundan ruhlanan erməni qəsbkarları 1918-ci ildə azərbaycanlılara qarşı misilsiz qanlı aksiyalar həyata keçirmişdirlər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan şəhər və kəndlərini əhatə etmişdir. 1918-ci ilin mart ayından Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən planlarını həyata keçirməyə başlayırlar.

Səfir, bu hadisələrə yalnız 1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı sərəncamla siyasi-hüquqi qiymət verildiyini, 31 mart tarixinin Azərbaycanlıların soyqırımı günü elan edildiyini, bu il isə Azərbaycan Prezidenti İlham Əliyevin 1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzaladığını diqqətə çatdırmışdır.

Daha sonra digər tədbir iştirakçıları da çıxış edərək bu günlə bağlı öz fikirlərini bölüşmüşlər. Çıxışlardan sonra tədbir iştirakçıları azərbaycanlıların soyqırımına həsr olunmuş sənədli filmə tamaşa etmişdirlər.

növbəti xəbər əvvəlki xəbər