2018-01-19
Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Səfirliyin əməkdaşları, Türkmənistanda yaşayan həmvətənlərimiz və ictimaiyyət nümayən­dələri iştirak etmişdir. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik anılması ilə başlanmışdır.

Tədbirdə çıxış edən Səfir Həsən Zeynalov 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda dinc əhaliyə qarşı sovet qoşunlarının törətdiyi qətliam haqqında məlumat verərək, Azərbaycan xalqının müstəqillik tarixindəki bu günün əhəmiyyəti barədə danışmışdır. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü üçün xalqımızın haqlı tələbinə qarşı törədilən bu qətliamın məqsədi xalqın milli azadlıq iradəsini qırmaq, xalqı başına gətirilənlərlə barışmağa məcbur etmək olduğunu bildirən çıxışçı, bu hadisənin sovet rejiminin xislətini, onun məqsədinin xalqları müstəmləkədə saxlamaq olduğunu ortaya çıxardığını bildirmişdir. Həmin dövrdə respublika rəhbərliyinin xəyanətkarlığının heç də sovet rejimindən geri qalmadığı diqqətə çatdırılmışdır. Mülki əhaliyə qarşı həyata keçirilən bu amansız qətliamı dünya ictimaiyyətinə çatdıran, onun təqsirkarlarını açıq şəkildə ifşa edən məhz xalqımızın Ümummilli lideri Heydər Əliyevin olduğunu bildirən çıxışçı, onun qətliamdan bilavasitə sonra ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransı barədə məlumat vermiş, dünya ictimaiyyətinin faciəni və onun mahiyyətini bu mətbuat konfransı vasitəsi ilə öyrəndiyini qeyd etmişdir. 20 Yanvar faciəsinə yalnız Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra siyasi-hüquqi qiymət verildiyini, şəhidlərin xatirəsinin əbədiləşdirildiyini diqqətə çatdıran Səfir, şəhidlərin əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını qeyd etmişdir. Şəhidlərin ruhunun şad olması üçün müstəqil dövlətimizin güclənməsi naminə hər bir Azərbaycanlının əlindən gələni etməli olduğunu bildirən Səfir, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin buna ən yaxşı nümunə olduğunu diqqətə çatdırmışdır.

Tədbir iştirakçıları da çıxış edərək bu günün yalnız 1990-cı ilin 20 yanvar tarixində deyil, həm də dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin xatirə günü kimi çox dəyərli olduğunu, hər bir azərbaycanlının ürəyində yaşadığını qeyd etmişdirlər. Bu gün də vətənimizin ərazi bütövlüyü uğrunda şəhid verdiyimizi qeyd edən çıxışçılar, xalqımızın azadlıq və dövlətçilik mübarizəsində əzminin heç bir zaman qırılmayacağını, əksinə, daha da güclənəcəyini bəyan etmişdirlər.

Çıxışlardan sonra tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş foto sərgiyə və sənədli filmə tamaşa etmişdirlər.

növbəti xəbər əvvəlki xəbər