2017-12-12
Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Səfirliyin əməkdaşları, Aşqabadda yaşayan soydaşlarımız və ictima­iyyət nümayəndələri iştirak etmişdir.

Tədbirdə çıxış edən Səfir Həsən Zeynalov, Ümummilli lider Heydər Əliyevin həyatı haqqında məlu­mat vermiş, keçdiyi ömür yolu, xalqımız və dövlətimiz qarşısında xidmətləri, qarşılaşdığı çətinliklər, mübariz xarakteri, siyasi uzaqgörənliyi haqqında ətraflı məlumat vermişdir. Müasir Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanılmasında Heydər Əliyevin xidmətlərindən bəhs edən Səfir, onun həyatının hər bir mərhələsinin ətraflı tədqiq edil­məsinin, bu barədə əsərlərin yazılmasının və filmlərin çəkilməsinin vacibliyini qeyd etmişdir. Səfir, bunun gənc nəslin Azərbaycanın yeni tarixinin dərindən öyrənilməsi, həmin dövrlərdə ölkəmizin hansı təhlükələrlə üzləşdiyini bilməsi, Heydər Əliyevin zəkası, zəhməti və fəda­karlığı ilə bu təhlükələrdən necə xilas olduğunu anlaması, eləcə də onun həyat yolunu, amalını özünə nümunə götürə bilməsi cəhətdən əhəmiyyətindən bəhs etmişdir.

Səfir daha sonra Heydər Əliyevlə bağlı şəxsi xatirələrindən söhbət açmış, onun insani xüsusiyyətləri haqqında nümunəvi, maraqlı hadisələr danışmışdır. Heydər Əliyevlə Naxçıvana rəhbərlik edərkən olan əlaqələrinin, eləcə də Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra olan təmaslarının həyatının unudulmaz xatirələri olduğunu diqqətə çatdırmışdır. Səfir, Heydər Əliyevin xatirəsinin Azərbaycan xalqının yaddaşında həmişə yaşayacağını, onun hər zaman minnətdarlıqla anılacağını bildirmişdir.

Daha sonra tədbir iştirakçıları çıxış edərək ürək sözlərini bildirmiş, Heydər Əliyevin xalqımızın, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın taleyindəki əvəzsiz roldan danışmışlar. Hələ sovet hakimiyyəti illərində azərbaycanlı gənclərin ittifaqın ən yaxşı ali təhsil müəssisələrində təhsil almaq üçün göndərilməsinin, onların ən yaxşı yerlərə təyinat alıb işləmələrinin məhz Heydər Əliyevin zəkasının, siyasətini məhsulu olduğu bildirilmişdir. Azərbaycanlıların bir çoxunun keçmiş ittifaqda məhz Heydər Əliyevin atdığı addımların nəticəsində yüksək vəzifələr, əhəmiyyətli postlar tutduqları vurğulanmışdır.

Çıxışlardan sonra tədbir iştirakçıları Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən foto sərgiyə və sənədli filmə tamaşa etmişdirlər.

növbəti xəbər əvvəlki xəbər