2017-11-10
Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində Dövlət bayrağı günü və Konstitusiya günü münasibəti ilə tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində noyabr ayının 10-da həmvətənlərimizin iştirakı ilə Dövlət bayrağı günü və Konstitusiya günü münasibəti ilə tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Səfir qeyd olunan günlərin Azərbaycan tarixindəki əhəmiyyəti, yeri barədə məlumat vermişdir. Bu günkü üçrəngli, ay-ulduzlu bayrağın hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı kimi təsis olunduğunu, daha sonra isə, 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edildiyini bildirən Səfir, bu qərarın məhz Heydər Əliyevin sədrliyi və təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Azərbaycan Respublikasının Ali Sovetinə ünvanladığı müraciət əsasında baş verdiyini diqqətə çatdırmışdır. Məhz həmin iclasda Naxçıvan Muxtar Respublikasının da bayrağının 1918-ci ildə qəbul edilmiş üçrəngli bayraq olaraq təsdiq edildiyini ifadə edən Səfir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 9 noyabr tarixinin Dövlət bayrağı günü kimi qeyd olunduğunu, üçrəngli bayrağımızın dünyanın ən yüksək bayraq dirəyində dalğalandığını qeyd etmişdir.

Qarşıdan gələn 12 noyabr tarixinin müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının referendum yolu ilə qəbul edildiyi gün olduğunu bildirən Səfir, bu sənədin layihəsinin Heydər Əliyevin sədrlik etdiyi komissiya tərəfindən hazırlandığını, ümumxalq müzakirəsindən keçdiyini, 1995-ci ildə qəbul edildiyini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qərarı ilə bu tarixin dövlətçilik hadisəsi kimi xüsusi qeyd olunduğunu bildirmişdir.

növbəti xəbər əvvəlki xəbər